Bakı,AzerVoice
Dənizçilərə təhlükəsizlik, naviqasiya və hava şəraiti ilə bağlı
mühüm məlumatların ötürülməsini təmin edən yerli və milli NAVTEX
sisteminin istifadəyə verilib.
AzerVoice xəbər verir ki, Türkiyənin
Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib ki,
bu sistem dəniz rabitəsinin təhlükəsizliyini və səmərəliliyini
artırmağı hədəfləyir və Türkiyə dənizçilik sektoru üçün mühüm
addımdır.
Dəniz Rabitə Sistemlərinin Modernləşdirilməsi Layihəsi çərçivəsində ASELSAN tərəfindən hazırlanmış NAVTEX (Naviqasiya Teleks) sistemi 2023-cü ilin may ayından quraşdırılmağa başlayıb və 2024-cü ilin sonuna kimi müvəqqəti qəbul testləri uğurla tamamlanıb. Layihənin ikinci mərhələsi 2025-ci ilin sonuna qədər başa çatdırılacaq və bu çərçivədə üç NAVTEX stansiyasının modernləşdirilməsi həyata keçiriləcək.
Nazir Uraloğlu vurğulayıb ki, NAVTEX sistemi Beynəlxalq
Telekommunikasiya İttifaqının müəyyən etdiyi standartlara uyğun
olaraq 518 kHz beynəlxalq və 490 kHz milli tezlik diapazonlarında
mətn mesajları göndərir. Bu sistem dənizçilərə təhlükəsiz
naviqasiya üçün hava şəraiti, təhlükəsizlik xəbərdarlıqları,
xilasedici əməliyyatlar və digər kritik məlumatların çatdırılmasını
təmin edir.
Yeni sistem sayəsində NAVTEX mesajlarının ötürülməsi daha etibarlı,
sürətli və səmərəli şəkildə həyata keçiriləcək. NAVTEX-in əsas
funksiyaları xilasedici əməliyyatlarla bağlı fövqəladə
xəbərdarlıqlar, meteoroloji xəbərdarlıqlar (tufan, dəniz şəraiti),
naviqasiya xəbərdarlıqları (sahil mühafizəsi, kanal statusu), və
təhlükəli vəziyyətlərlə bağlı məlumatların ötürülməsidir.
Uraloğlu bildirib ki, Türkiyənin dörd əsas NAVTEX stansiyası vasitəsilə bu mesajlar yayımlanır və dəniz rabitəsinin təhlükəsizliyinə yeni töhfələr verir. Sistemin yenilənmiş infrastrukturu sayəsində Türkiyənin dəniz sahəsində rabitə və təhlükəsizlik imkanları daha da genişlənəcək.