Bakı,
AzerVoice
Livandakı druz icmasının lideri və Mütərəqqi Sosialist Partiyasının
keçmiş sədri Vəlid Canbolat, Türkiyənin Suriya xalqına göstərdiyi
dəstəyi vurğulayaraq, Ankaraya son səfərinin məqsədinin Suriyanı
qucaqlamaq və yeni rəhbərliyə dəstək vermək olduğunu bildirib.
AzerVoice xəbər verir ki, bu barədə
Canbolat Livanın LBC televiziya kanalına müsahibəsində danışıb.
“Türkiyəyə səfərim Suriyanı və yeni rejimi dəstəkləmək məqsədi
daşıyır. Biz Suriya və Əhməd Şara ilə ünsiyyət mexanizmini inkişaf
etdiririk. Türkiyə bu prosesdə mühüm rol oynayır. Prezident Rəcəb
Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Suriya xalqını qucaqlayır
və bu, bölgə üçün çox önəmlidir.” - deyə o vurğulayıb.
Dürzi lideri əlavə edib ki, bölgədə sabitliyin təmin edilməsi üçün İsrailin təsirini məhdudlaşdırmaq vacibdir.
Canbolat dekabrın 15-də keçmiş Suriya rəhbəri Bəşər Əsədin devrilməsi münasibətilə yeni rəhbər Əhməd Şaranı təbrik edib və dekabrın 22-də Şamda onunla görüş keçirib. Dekabrın 24-də isə Canbolat Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Kompleksində qəbul edilib.
Qeyd edək ki, Vəlid Canbolatın atası, Kamal Canbolat, Livandakı Tərəqqi Sosialist Partiyasının qurucusudur. O, 1977-ci ildə vətəndaş müharibəsi zamanı qətlə yetirilib. Canbolat atasının ölümündə Suriya rejimini ittiham edib və bu mövqeyini 2015-ci ildə BMT-nin Livan üzrə Beynəlxalq Xüsusi Tribunalında verdiyi ifadədə də təsdiqləyib.
2023-cü ildə partiya rəhbərliyindən istefa verən Canbolatın yerinə oğlu Teymur Canbolat keçib. Canbolat həm də Livandakı druz icmasının ən mühüm liderlərindən biri hesab olunur.