Bakı,
AzerVoice
"Suriyadakı məsum insanların yanında olmaq bizim üçün böyük
şərəfdir, suriyalı qardaşlarımızı çox gözəl günlər və gələcək
gözləyir."
AzerVoice
xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziri
Hakan Fidan AK Partiya Niğde 8-ci Adi İl Qurultayında çıxış edərkən
qeyd edib.
Nazir qeyd edib ki, Suriyanın sülh və sabitliyə qovuşması üçün illərdir ardıcıl səylər göstərilib və bu istiqamətdə Türkiyə qonşuluq və qardaşlıq prinsipinə uyğun hərəkət edir.
Suriya iqtisadiyyatının bərpası ilə milyonlarla suriyalı qaçqının vətəninə qayıtmasının təmin olunacağını vurğulayan Fidan, beynəlxalq ictimaiyyəti Suriyada sülh və sabitliyi təmin etmək üçün daha aktiv dəstək verməyə çağırıb.
Fidan çıxışı zamanı Fələstin məsələsinə də toxunaraq, Türkiyənin bu məsələdə qətiyyətli mövqe tutduğunu qeyd edib. O bildirib ki, Fələstində sülh və ədalət bərqərar olunmadıqca, Türkiyə üçün rahatlıq və dinclik mümkün deyil.
Türkiyənin regional güc və sabitlik adası kimi mövqeyini möhkəmləndirdiyini qeyd edən Fidan , həmçinin ölkənin xarici siyasəti, ticarəti və müdafiə sahəsindəki gücünün artdığını da qeyd edib.
Fidan çıxışında Fars körfəzindən başlayaraq İraq və Türkiyə üzərindən Avropaya qədər uzanacaq "İnkişaf Yolu Layihəsi" haqqında da danışıb. O bildirib ki, bu layihə Türkiyənin regionda iqtisadi və siyasi təsirini artıracaq.
Sonda nazir bildirib ki, Türkiyə son 23 ildə əhəmiyyətli infrastruktur layihələri həyata keçirib və bu gün daha da irəli getməyi hədəfləyir.