Əsas səhifə » Suriyaya elektrik ilk növbədə Türkiyədən ixrac olunacaq - Bayraktar

Suriyaya elektrik ilk növbədə Türkiyədən ixrac olunacaq - Bayraktar

Bakı, AzerVoice

Türkiyə hazırda Suriyanın bəzi bölgələrinə, xüsusilə İdlib və Afrinə elektrik enerjisi təmin edir.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar bildirib.

O qeyd edib ki, Türkiyədən bir heyət Suriyada enerji infrastrukturunun vəziyyətini qiymətləndirmək üçün fəaliyyət göstərir və ölkənin enerji qaynaqlarının iqtisadiyyata inteqrasiyası üzrə işlər aparılır.

Müharibədən əvvəl quraşdırılmış gücü 8500 meqavat olan Suriyanın hazırda bu gücün yalnız 3500 meqavatını istifadə edə bildiyini qeyd edən Bayraktar əlavə edib ki, əhalinin əksəriyyəti elektrik ehtiyacını generatorlarla ödəyir.

Bayraktar Türkiyədən elektrik enerjisinin Suriyaya ixracını mümkün hədəf kimi qeyd edib.“Suriya və Livanın enerji tələbatını qarşılamaq üçün ilk növbədə elektrik ixrac edilə bilər. Ətraflı planlamalar enerji şəbəkəsinin vəziyyəti nəzərə alınaraq aparılacaq.” -deyə bildirib.

Bayraktar Suriyanın 2011-ci ildən əvvəl gündəlik 350 min barrelə yaxın neft hasil etdiyini xatırladıb və bu potensialın bərpası ilə bağlı ilkin araşdırmaların aparıldığını vurğulayıb.

Bayraktar həmçinin Türkiyədə enerji sektorunda struktur islahatlarının davam etdiyini və bu sahədə icazə proseslərinin sürətləndirilməsinin prioritet olduğunu bildirib. GAP bölgəsindəki enerji sərmayələrinin əhəmiyyətinə toxunan nazir, Şırnakda gündəlik neft hasilatının 70 min barrelə çatdığını və bunun iqtisadiyyata illik 2 milyard dollardan çox gəlir gətirdiyini qeyd edib.

İranda davam edən enerji böhranına toxunan Bayraktar, İranın təbii qaz müqavilələri üzrə öhdəliklərini tam yerinə yetirə bilmədiyini bildirib. Buna baxmayaraq, Türkiyədə qış aylarında enerji təchizatı ilə bağlı problem gözlənilmir.

Digər Kateqoriyalar

2025 © Azervoice