Bakı, AzerVoice
Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli Azərbaycana qarşı qətnaməsi dövlətçiliyimizi zəiflətməyə yönəlmiş qəsdən atılmış addımdır.
Bunu AzerVoice-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
"Dünən, dekabrın 19-da Avropa Parlamentində Azərbaycanla bağlı növbəti qərəzli, subyektiv və əsassız iddiaların yer aldığı qətnamə qəbul olundu. Sənəd guya Azərbaycanda mövcud olan "repressiyaları" pisləmək məqsədi daşıyır, lakin əslində, yalan ittihamlar və ikili standartlara əsaslanan siyasi manipulyasiya nümunəsidir.
Qətnamənin yeganə məqsədi Azərbaycanın suverenliyini hədəf alaraq, ölkəmizin beynəlxalq nüfuzunu zədələmək və siyasi təzyiq göstərməkdir.
Eyni zamanda, bu, Azərbaycanın hüquq sisteminə olan etibarı sarsıtmağa və dövlətçiliyimizi zəiflətməyə yönəlmiş qəsdən atılmış addımdır", - deyə S.Mikayılova bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmişə qanunun aliliyinə sadiq olub.
"Heç kəs insan hüquqları adı altında qanunlarımızı pozmağa haqq qazandıra bilməz. Əgər kimsə nifrət toxumu səpir, ictimai asayişi pozur və cəmiyyətə zərər vurursa, o, mütləq məsuliyyətə cəlb edilməlidir. Bu, siyasi məsələ deyil, ədalət məsələsidir.
Avropa Parlamenti insan hüquqları və demokratiya uğrunda mübarizə apardığını bəyan edərkən, öz daxilində baş verən ciddi qanun pozuntularına qarşı gözqamaşdırıcı susqunluq nümayiş etdirir.
Nə üçün Fransanın Afrikada onilliklər ərzində korrupsiyalı rejimləri dəstəkləməsi, sabitliyi pozması və təbii resursları istismar etməsi haqqında qətnamələr qəbul edilmir? Avropa İttifaqı ölkələrində miqrantların qeyri-insani şəraitdə yaşaması, vətəndaşların məxfiliyinin pozulması və sistematik izləmə tədbirləri niyə gündəmə gətirilmir?
Bütün bunlar göstərir ki, insan hüquqları məsələsi bir çox hallarda selektiv tətbiq olunur, siyasi təzyiq vasitəsi kimi istifadə edilir və real prioritet qismində dəyərləndirilmir", - deyə, deputat bildirib.
S.Mikayılova qeyd edib ki, qətnaməyə "erməni hərbi əsirlər" məsələsinin daxil edilməsi sənədin insan hüquqlarının müdafiəsi deyil, Azərbaycana qarşı siyasi təzyiq məqsədi ilə hazırlandığını açıq şəkildə nümayiş etdirir.
"Bu yanaşma təkcə ədalətsiz deyil, həm də cinayətkarlığı bəraətləndirmək və cəzasızlıq mühitini qanuniləşdirmək cəhdidir.
Ölkəmizin öz suverenliyini qətiyyətlə müdafiə etməsi ilə bağlı hər hansı bir addımı dərhal "repressiyalar" ittihamı və sanksiya təhdidləri ilə qarşılanır.
Azərbaycan həmişə qarşılıqlı hörmətə və bərabər hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin tərəfdarı olub. Lakin bizə ultimatumlarla təzyiq göstərmək cəhdlərinə əsla yol vermərik. Biz müstəqil dövlətik və öz maraqlarımızı qorumaq haqqına sahibik.
Azərbaycan heç vaxt öz ərazilərini və vətəndaşlarını qorumaq hüququndan imtina etməyəcək. Bu bizim suveren hüququmuzdur və heç bir qətnamə bu hüququ şübhə altına ala bilməz.
Avropa Parlamentini obyektivliyə dəvət edirik. Çünki insan hüquqlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi ilk növbədə bu qurumun olan-qalan dəyərlərinə olan inamı da sarsıdır", - deyə deputat əlavə edib.