Bakı, AzerVoice
"Türkiyə bu mərhələdə Suriyaya qoşun yeritməyəcək. Bunun üçün artıq başqa qüvvələr intensiv şəkildə hərəkətə gətirilib".
AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya
açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə Ordusunun
Suriyaya geniş miqyaslı hücuma keçəcəyilə bağlı iddiaları şərh
edərkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin
süqutundan sonra daha bir fərqli tablo açılıb:
"Burada olan bütün oyunçular bəziləri yaxşı, bəziləri də pis mənada
artıq tam olaraq simalarını ortaya qoya bildi. Burada Türkiyə, ABŞ,
İsrail, Rusiya, İran, Səudiyyə Ərəbistanı və xalq olaraq Suriyanın
maraqları var. Bəziləri hesab edirdi ki, həmin qüvvələr qarşısında
yalnız Bəşər Əsəd qoruyucu və dövlətin unitarlığını saxlayan
qüvvədir. Amma bu yanlışdır. Ölkənin 30 faizindən çoxu PKK-nın
Suriya qolu olan YPG və PYD tərəfindən işğal olunub. Habelə, Suriya
səhrasının bəlli qisminə İŞİD-ə bağlı terrorçu qüvvələr nəzarət
edir. Burada ABŞ tərəfindən aktiv dəstəklənən druzlara məxsus
qüvvələr də var. İran isə Əsədin devrilməsindən sonra buradan
qismən çıxmalı oldu. Digər tərəfdən, Türkiyənin də aktiv şəkildə
dəstəklədiyi Azad Suriya Ordusu da var".
Həmsöhbətiiz qeyd edir ki, Əsədin devrilməsindən sonra YPG və
PYD qüvvələri gələcək üçün ciddi tətdiddir:
"Bu qüvvələr sadəcə Türkiyə üçün təhdid deyil. Eyni zamanda, Suriya
xalqı üçün də təhdiddir. Ölkə əhalisinin azı 70 faizdən çoxu
sünnidir. 50 faizi isə ərəblərdən ibarətdir. YPG və PYD təhdidi
ABŞ-ın maraqlarına xidmət edir. ABŞ, İsrail və İran Suriyanın
parçalanmasında maraqlıdır. Suriyanın parçalanmasında maraqlı
olmayan tək dövlət Türkiyə və hazırkı Dəməşq hökumətidir. Hazırkı
Suriya hakimiyyəti bütün silahlı qruplaşmaları silahı yerə qoymağa
çağırıb. Həmçinin, PYD-yə çağırış ediblər ki, bölgələri müharibəsiz
Suriya milli ordusuna təhvil versinlər".
Ekspert bildirir ki, Türkiyə heç bir halda ilkin mərhələdə birbaşa PYD üzərinə hücuma keçməyəcək:
"Bunun üçün artıq başqa qüvvələr intensiv şəkildə hərəkətə gətirilib. Əvvəl Azad Suriya Ordusu və Türkiyə Ordusu mübarizəni paralael aparırdılarsa, indi kürd qruplarına qarşı düşmən kəsilən digər kəsim - Colaniyə tabe olan və Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı müxalifətdir. Onlar da PYD-yə ciddi təhdid kimi baxırlar. Bu baxımdan, Türkiyənin bölgəyə birbaşa müdaxiləsi olmayacaq. Böyük ehtimalla ya danışıqlar, ya da müharibə yolu ilə PYD-nin ciddi şəkildə sıxışdırılması prosesi başlayacaq. Bu zaman Azad Suriya Ordusu və Suriya milli ordusu zəif olsa, Türkiyə müdaxilə edəcək".
Rufiz Hafizoğlu qeyd edib ki, PYD və YPG-nin nəzarətidəki bölgələrdə yerli ərəb sünnilər və qismən dindar kürdlər tərəfindən solçu PYD-yə qarşı üsyanlar başlayıb:
"Bu da YPG rejiminin çökməsinə təkan verən hadisələrdir. Müxalifət başa düşür ki, enerji ehtiyatları ilə zəngin bölgələr kürd qruplaşmalarının nəzarətində olduğu müddətdə, Suriya dövlətinin unitarlığı qorunub saxlanılmayacaq. Bütün bunlar yalnız söylədiyim ssenarilərin olması ehtimalında baş verəcək hadisədir. Ölkənin federativ olması ehtimalı var. Lakin Türkiyə heç bir halda Suriyanın, xüsusən də şimalda federativ strukturun olmasına icazə verməyəcək. Çünki bu gələcəkdə Türkiyənin özü üçün də təhdiddir".
Qeyd edək ki, "The Wall Street Journal” amerikadan olan məmurlara istinadən Türkiyənin Suriyaya geniş miqyaslı hücum üçün sərhəddə hərbi qüvvələrini gücləndirdiyini iddia edib. Daha əvvəl isə "The Washington Post” yazıb ki, Əsədin devrilməsilə hakimiyyətə gələn Türkiyə meylli qüvvələrlə ABŞ-ın dəstəklədiyi kürd qüvvələri arasında vətəndaş müharibəsinin alovlanması ehtimalı realdır.
Xatırladaq ki, hazırda Suriya ərazisinin 25 faizi kürd dəstələrinin nəzarətindədir.