Bakı, AzerVoice
Nazirlər Kabinetinin iclasından sonra Türkiyədə müvəqqəti qoruma
altında olan suriyalıların sayı və geri dönüş prosesi ilə bağlı
açıqlamalar verilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, hazırda ölkədə müvəqqəti qoruma altında 2 milyon 936 min suriyalı yaşayır. O, həmçinin ayda orta hesabla 11 min suriyalının könüllü, təhlükəsiz və ləyaqətli şəkildə ölkələrinə qayıtdığını bildirib.
Bu rəqəm son günlərdə 1,5-2 dəfə artaraq gündəlik sərhəd keçidlərini 15-20 minə qədər artırmağa imkan yaradıb.
2016-cı ildən bəri ümumilikdə 737 min suriyalı öz vətəninə qayıdıb. Yerlikaya vurğulayıb ki, suriyalılar öz ölkələrindəki inkişafları yaxından izləyir və geri dönüş üçün həvəsli davranırlar. Suriyada baş verən dəyişikliklərin bu prosesi daha da sürətləndirəcəyi gözlənilir.
Nazir Hələbdən müvəqqəti qoruma altında olanların sayının 1 milyon 247 min 432 nəfər olduğunu açıqlayıb. Bu qrup Türkiyədəki suriyalılar arasında ən böyük miqrasiyanı təmsil edir.
Yerlikaya, Suriyalıların könüllü geri dönüşünü asanlaşdırmaq üçün müxtəlif nazirliklərlə koordinasiyalı şəkildə işlədiklərini və bu istiqamətdə atılan addımları ictimaiyyətlə bölüşməyə davam edəcəklərini bildirib.
Nazir, həmçinin 13 ildən sonra suriyalıların öz vətənlərinə qayıtmaq arzusu ilə yaşadıqlarını qeyd edərək, bu prosesi asanlaşdırmaq üçün resursların səfərbər edildiyini vurğulayıb.