Əsas səhifə » Qadın zorakılığına qarşı güzəşt olmayacaq - Ali Yerlikaya

Qadın zorakılığına qarşı güzəşt olmayacaq - Ali Yerlikaya

Bakı, AzerVoice

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadınlara Qarşı Zorakılıq və Ayrı-seçkilik Araşdırma Komissiyasının üzvləri ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, Nazir görüş zamanı "Qadınlara Təcili Yardım Tətbiqi"nin (KADES) fəaliyyətinə dair statistik məlumatları paylaşaraq, bu il ərzində KADES-ə 1 milyon 420 min 66 bildiriş daxil olduğunu qeyd edib.

O, qadınlara qarşı zorakılığın insan hüquqlarına, mənəvi dəyərlərə və ailə institutuna ciddi zərbə vurduğunu vurğulayaraq, belə halların qarşısının alınmasında heç bir güzəştə gedilməyəcəyini bəyan edib.

Yerlikaya bildirib ki, KADES tətbiqi zorakılığa məruz qalma təhlükəsi ilə üzləşən qadınlara tək bir kliklə dəstək olmaq məqsədi daşıyır. Bu günə qədər KADES tətbiqini 7 milyon 648 mindən çox insanın yüklədiyini vurğulayan nazir, daxil olan hər bir bildirişin ən yüksək prioritet sinifində nəzərdən keçirildiyini və dərhal tədbirlər görüldüyünü qeyd edib.

Nazir bildirib ki, KADES və ya 112-yə edilən çağırışlar zamanı dərhal hərəkətə keçilir. Qadınların təhlükəsizliyini təmin etmək üçün ən yaxın polis və ya jandarma qrupları hadisə yerinə göndərilir.

"Qadınlara qarşı qaldırılan hər bir əl qətiyyətlə dayandırılacaq. Bu məsələ bizim ən həssas yanaşdığımız mövzulardan biridir." - deyə Yerlikaya əlavə edib.

Digər Kateqoriyalar

2024 © Azervoice