Bakı, AzerVoice
Azərbaycan, Türk Dövlətləri Təşkilatının formalaşmasında və qurulmasında çox fəal mövqe tutur.
Bu sözləri AzerVoice -ə açıqlamasında, Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Onun sözlərinə görə , son illərdə Azərbaycan Mərkəzi Asiya, Türk ölkələri və Türküstan bölgəsi ilə əlaqələrini sürətli şəkildə inkişaf etdirib və bu çox təqdirəlayiq bir hadisədir.
“Türk dövlətləri təşkilatı dünyada artan bir gücə malikdir. Bu Təşkilat yeni bir güc mərkəzi kimi çıxış edə bilər, lakin bunun üçün hələ də görüləcək çox iş var. Əgər bu proses sürətlə və daha da irəliləyərsə, regional və qlobal problemlərin həllinə çox mühüm töhfələr verə bilər“ deyə Göyüşlü vurğulayıb.
O , Türk Dövlətləri Təşkilatına üzv olan bir sıra ölkələrin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və həmçinin Macarıstanın – regional və qlobal problemlərin həllində fəal şəkildə iştirak edərək, mühüm rol oynadığını bildirib.
“Təsəvvür edək ki, bu ölkələrin gücü birləşərək daha güclü bir
potensial ortaya qoyur və bu potensial qlobal problemlərin həllində
bir güc mərkəzi kimi çıxış edir.
Eyni zamanda, Azərbaycanın bu proseslərdə rolu xüsusi əhəmiyyət
daşıyır. Azərbaycan, Türk Dövlətləri Təşkilatının formalaşmasında
və qurulmasında çox fəal mövqe tutur. Son illərdə isə Azərbaycanın
Mərkəzi Asiya, Türk ölkələri və Türküstan bölgəsi ilə əlaqələrinin
sürətlə inkişaf etdiyini müşahidə edirik ki, bu da çox təqdirəlayiq
bir hadisədir“ - deyə bildirib.
Eyni zamanda Göyüşlü , bu prosesdə mühüm amil kimi Prezident Ilham Əliyevin rolunu da xüsusi qiymətləndirib.
“Hesab edirəm ki, Azərbaycanın bu cür aktiv fəaliyyəti həm
ölkəmizin artan nüfuzunun, həm də ona olan hörmətin göstəricisidir.
Bu, əsasən də liderimiz İlham Əliyevin uzaqgörənliyi və dövlətçilik
mövqeyinin, eləcə də geosiyasi davranışlarının bir əksidir. Onun
güclü bir siyasi lider kimi qəbul olunması da bunun bir
təzahürüdür.
Bütün bu amillər bir-birinə bağlı şəkildə Türk Dövlətləri
Təşkilatının güclənməsinə töhfə verir. Mən bu toplantıya böyük ümid
bəsləyirəm, çünki biz hər görüşdə çox önəmli qərarların qəbul
edildiyini müşahidə edirik. Düşünürəm ki, bu toplantıda da türk
dövlət başçıları bütün Türk dünyası, ölkələrimiz, xalqlarımız və
xüsusən də bəşəriyyət üçün əhəmiyyətli qərarlar qəbul edərək önəmli
addımlar ata biləcəklər“ - deyə Göyüşlü sonda qeyd edib.