BAKI,AzerVoice
Virciniya Hall 1906-cı ildə Baltimorda imtiyazlı bir ailədə
dünyaya gəlib. II Dünya Müharibəsi zamanı o, Gestaponu çaş-baş
saldı, Fransa ərazisində düşmən arxasında həm “Jedburgh”
qruplarını, həm də Müqavimət hərəkatını əlaqələndirdi. O, hər an
həyatını itirə biləcəyini bilirdi.
Bir ayağının olmaması səbəindın onun Gestapodan qaçması demık olar
ki, imkansız idi.
Hall bu işləri görmək məcburiyyətində deyildi. O dövrdə ali təbəqədən olan qadınlardan çox şey gözlənilmirdi – əsasən müəllim, xeyriyyəçi və ya sənətçi ola bilərdilər. Amma əlbəttə ki, istisnalar da var idi.
Virciniya Hall da belə bir istisna idi. O, çox ağıllı idi və Radklif və Barnard kimi nüfuzlu qadın kolleclərində təhsil almışdı. Burada fransız, italyan və alman dillərini öyrənmişdi və xüsusilə fransız dilində sərbəst danışırdı.
1930-cu ildə təhsilini başa vurmaq üçün Avropaya getmək istəyini valideynlərinə bildirir və Fransa, Avstriya və Almaniyanı gəzib, 1931-ci ildə ABŞ-ın Varşavadakı səfirliyində işləməyə başlayır.
Bu müddət ərzində öyrəndiyi dillər, mədəniyyətlər və bürokratik sistemlərdə qazandığı təcrübə müharibə zamanı ona çox kömək etdi.
Virciniya Hallın Ayağını İtirməsi və Mübarizəyə Davamı
1932-ci ildə Türkiyəyə səfəri zamanı ov qəzası nəticəsində sol ayağını itirdi və dizdən aşağı amputasiya olundu. O, bundan sonra ömür boyu taxta ayaqdan istifadə etməli oldu. Amma bu hadisə onun ruhunu sındırmadı – hətta taxta ayağına “Cuthbert” adını vermişdi.
Bu yaralanma ona diplomatik karyerada irəliləməyi mümkünsüz etdi və 1939-cu ildə ABŞ Dövlət Departamentindən istefa verdi. Müəyyən müddət təhsilinə davam etsə də, müharibə onu hərəkətə keçməyə vadar etdi. O, Qırmızı Xaçın təcili yardım xidmətinə könüllü yazıldı və müharibə başlayanda Fransada idi.
Fransa almanlara təslim olduqdan sonra Hall Vişi rejiminin idarə etdiyi ərazidə qaldı. Bu, onun İngiltərəyə keçməsini asanlaşdırdı və o, burada yeni yaradılmış Xüsusi Əməliyyatlar İcraiyyəsi (“SOE”) təşkilatına qoşuldu. Çörçill tərəfindən yaradılan bu qurum Avropada sabotaj, sui-qəsd və digər müqavimət hərəkətləri ilə “Avropanı alovlandırmaq” məqsədi güdürdü.
Fransada Nasistlərə Qarşı Casusluq və Müqavimət Hərəkatı
1941-ci ilin yayında təlim keçdikdən sonra Hall yenidən Vişi Fransasına göndərildi. O, Fransa Müqavimət Hərəkatının fəaliyyətini əlaqələndirəcək və Almanların işğal etdiyi ərazilərdə kəşfiyyat aparacaqdı.
Amerika müharibəyə rəsmi olaraq qoşulmamışdı, ona görə də Hall “New York Post” qəzetinin müxbiri adı altında çalışdı. Bu ona sərbəst hərəkət etməyə və yüksək rütbəli şəxslərlə əlaqə qurmağa imkan verdi.
Hall Fransa haqqında vacib məlumatları İngiltərəyə ötürdü. Ancaq 1942-ci ilin noyabrında Almaniya Vişi rejimini də işğal etdi və Gestapo onu izləməyə başladı. Həm almanlar, həm də Vişi polisi onu “Axsaq Xanım” adlandırır və tutmağa çalışırdılar. O, onları qabaqlayaraq İspaniyaya qaçdı.
İspaniyaya qaçarkən SOE-yə mesaj göndərdi: “Ümid edirəm ki, Cuthbert qaçışıma mane olmayacaq.” Lakin Londondakı SOE əməkdaşları “Cuthbert”in taxta ayağı olduğunu bilmədikləri üçün belə cavab verdilər: “Əgər Cuthbert problem yaradırsa – onu aradan qaldırın.”
OSS və D-Day Əməliyyatı üçün Hazırlıq
1943-cü ilin iyulunda Hall İngiltərəyə qayıtdı və 1944-cü ilin yazında yeni yaradılan Strateji Xidmətlər İdarəsi (“OSS”, gələcək CIA) üçün çalışmağa başladı. Onun Fransa təcrübəsi OSS üçün çox dəyərli idi.
O, digər casuslar kimi paraşütlə atılmadı – tək ayaqla bunu etmək təhlükəli idi. Bunun əvəzinə Britaniya torpedo qayığı ilə gecə saatlarında Bretonya sahillərinə buraxıldı.
Fransada “Marcelle Montagne” adı ilə işləyirdi və kod adı “Diane” idi. O, Müqavimət hərəkatını əlaqələndirir və “Jedburgh” qrupları üçün paraşütlə silah-sursat və kəşfiyyat göndərilən əraziləri xəritəyə salırdı.
Hall üç batalyon müqavimət döyüşçüsünü qeyri-müntəzəm müharibəyə hazırladı və alman qoşunlarının hərəkətləri barədə məlumat ötürdü. Bu fəaliyyətləri 1944-cü ilin payızına qədər davam etdirdi.
Mükafatlar və Sonrakı Həyatı
1945-ci ildə general Uilyam Donovan tərəfindən "Fərqlənmə Xaçı" mükafatına layiq görüldü. Bu, müharibə zamanı mülki qadına verilən yeganə mükafat idi.
Prezident Trumen mükafatlandırma mərasiminin ictimai keçirilməsini istəsə də, Hall bunu qəbul etmədi – çünki hələ də OSS üçün işləyirdi və ifşa olmaq istəmirdi.
Bundan əlavə, o, Britaniya İmperatorluğunun Fəxri Üzvü (MBE) adına layiq görüldü.
1966-cı ilə qədər kəşfiyyat sahəsində çalışdı. O və OSS-dən olan həyat yoldaşı CIA üçün Fransa ərazisində casusluq edirdilər.
Virciniya Hall 1982-ci ildə dünyasını dəyişdi. O, tarixdə ən çox mükafatlandırılmış qadın casus kimi yadda qaldı və II Dünya Müharibəsində Nasistlərə ən çox problem yaradan casuslardan biri oldu.