BAKI, AzerVoice
Misir prezidenti Əbdülfəttah əs-Sisi, Fransa prezidenti Emmanuel Makron və İordaniya kralı II Abdullah Qəzza zolağında yanvarın 19-da qüvvəyə minmiş atəşkəs razılaşmasının bərpasına çağırıblar.
AzerVoice xəbər verir ki, bu barədə onların Qahirədə keçirdikləri görüşdən sonra qəbul edilən birgə bəyanatda bildirilib.
“İsrailin Qəzza zolağına endirdiyi zərbələrin yenidən başlaması fonunda, dərhal atəşkəs rejiminə qayıdılmasına və 19 yanvarda qüvvəyə minmiş razılaşmanın icrasına çağırırıq”, - deyə bəyanatda qeyd olunub.
Liderlər vurğulayıblar ki, həmin razılaşma israilli girovların və fələstinli məhbusların azad olunmasını və onların təhlükəsizliyini təmin edirdi.
Bundan əlavə, bəyanatda Fələstin torpaqlarının ilhaqı ilə bağlı istənilən cəhdin qəbuledilməz olduğu qeyd olunub.
“Üç ölkənin liderləri fələstinlilərin öz torpaqlarından köçürülməsi planlarını və Fələstin ərazilərinin ilhaqına yönəlmiş istənilən təşəbbüsü rədd edirlər”, - deyə bəyanatda bildirilib.
Misir, İordaniya və Fransa rəhbərləri həmçinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə humanitar vəziyyətin pisləşməsindən dərin narahatlıqlarını ifadə edərək, Qüdsdəki müqəddəs yerlərin tarixi status-kvosuna hörmətlə yanaşılmasının vacibliyini vurğulayıblar.