BAKI,
AzerVoice
Misir prezidenti Əbdülfəttah əs-Sisi və İtaliyanın baş naziri
Giorgia Meloni telefon danışığı apararaq Qəzzadakı vəziyyəti və
qeyri-qanuni miqrasiyanı müzakirə ediblər.
AzerVoice xəbər verir ki, Misir
Prezidentinin sözçüsü bildirib ki, tərəflər regional hadisələrlə
bağlı fikir mübadiləsi aparıblar.
Meloni Misirin Qəzza zolağında atəşkəs sazişinin həyata
keçirilməsi, məhbusların azad edilməsi və Qəzza xalqına humanitar
yardım göstərilməsi istiqamətindəki səylərinə dair Sisinin
fikirlərini öyrənmək istəyib.
Sisi və Meloni Qəzza zolağının fələstinlilərin köçürülməsinə səbəb olmadan sürətlə yenidən qurulmasının vacibliyini vurğulayıblar. Onlar, həmçinin beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumaq və 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə çağırıblar.
Tərəflər qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini də müzakirə ediblər. Meloni Misirin 2016-cı ildən bəri qeyri-qanuni miqrant daşıyan heç bir gəminin sahillərini tərk etmədiyini və bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.
Bundan əlavə, Misir İsrailin müxalifət lideri Yair Lapidin xarici borcunun ləğvi müqabilində Qəzza zolağının administrasiyasını müvəqqəti ələ keçirmək təklifini rədd edib. Misir Xarici İşlər Nazirliyi bəyan edib ki, Misir və ərəb mövqeyi İsrailin işğal olunmuş Fələstin ərazilərindən çıxmasını və müstəqil Fələstin dövlətinin yaradılmasını tələb edir. Nazirlik bu prinsipləri pozan hər hansı təklifi “rədd edir və qəbuledilməz hesab edir”.