Bakı, AzerVoice
Misir Fələstinlilərin Qəzzadan köçürülməsinə dair hər hansı təklifi rədd edir və bu prosesin bir hissəsi olmayacaq.
AzerVoice xəbər verir ki, bu haqda Misir Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir.
Qəzzə zolağı ilə sərhədi olan Misir, İsrailin Qəzzanı ABŞ-ın nəzarətində "Yaxın Şərqin Rivyerası"-na çevirmək planına verdiyi dəstəyi pisləyib.
Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza sakinlərinin sektoru könüllü şəkildə tərk etməsinə imkan verəcək bir plan hazırlamağı tapşırıb.
Misir Xarici İşlər Nazirliyi məhz bu göstərişə cavab olaraq bildirib: "Misir bu məsuliyyətsiz addımın fəlakətli nəticələrə səbəb olacağını vurğulayır. Bu, atəşkəs danışıqlarını zəiflədər və döyüşlərin yenidən başlanmasına səbəb olar."
Xatırladaq ki, yanvar ayında Misir, Qətər və ABŞ İsraillə HƏMAS arasında atəşkəs sazişinə vasitəçilik edərək, Yaxın Şərqi sarsıdan 15 aylıq müharibəyə son qoyublar.