BAKI, AzerVoice
Qətər və Misir Qəzzadakı müharibəni dayandırmaq üçün yeni bir plan irəli sürüblər.
AzerVoice xəbər verir ki, bu haqda HƏMAS-ın nümayəndəsi məlumat yayıb.
Məlumata görə, bu planda beş ilə yeddi il arasında atəşkəs elan olunması nəzərdə tutulur. Plan həmçinin bütün israilli girovların azad olunmasını, əvəzində isə fələstinli məhbusların sərbəst buraxılmasını ehtiva edir. Plana rəsmi şəkildə müharibənin başa çatdırılması və İsrail ordusunun Qəzzadan tam çıxarılması da daxildir.
Bununla yanaşı bildirilib ki, HƏMAS Qəzzanın idarəetməsini istənilən fələstinli quruma təhvil verməyə hazır olduğunu bildirib. Bu qurum İordan çayının qərb sahilindəki Fələstin Muxtariyyəti və ya yeni yaradılacaq inzibati orqan ola bilər.
Eyni zamanda bildirilib ki, hərəkatın nümayəndə heyəti Dohadan Qahirəyə yola düşüb.
Qahirədə keçiriləcək məsləhətləşmələrdə HƏMAS-ı rəhbərlik şurasının sədri Məhəmməd Dəruvəş və baş danışıqlarçı Xəlil əl-Həyə təmsil edəcək.
İsrail vasitəçi ölkələrin bu planı ilə bağlı hələ heç bir rəsmi açıqlama verməyib.
Xatırladaq ki, atəşkəs razılaşması bir ay öncə İsrailin Qəzzanı yenidən bombalaması ilə pozulmuşdu. Bir neçə gün öncə isə HƏMAS İsrailin silahsızlanma qarşılığında altı həftəlik atəşkəs təklifini rədd etmişdi.
İsrailin baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, HƏMAS məhv olunmadan və bütün girovlar geri qaytarılmadan müharibəyə son verilməyəcək.
HƏMAS isə cavab olaraq İsrailin əvvəlcə müharibəni bitirməli olduğunu, ondan sonra girovlarla bağlı razılaşmanın mümkünsüz olmadığını bildirib.