Əsas səhifə » İordaniyalı yük maşını sürücüsü üç İsrail əsgərinə atəş açaraq öldürüb

İordaniyalı yük maşını sürücüsü üç İsrail əsgərinə atəş açaraq öldürüb

BakıAzerVoice

Bazar günü Fələstin və İordaniya sərhəddində İordaniya və İsrail əsgərləri arasında toqquşma olub.

AzerVoice xəbər verir ki, İsrail ordusu iddia edib ki, İordaniyalı yük maşını sürücüsü İordaniyada Allenbi körpüsü kimi tanınan Kral Hüseyn Sərhəd Qapısına yaxınlaşaraq yük maşınından düşüb və vurularaq öldürülməzdən öncə körpüdə xidmət başında olan İsrail təhlükəsizlik qüvvələrinə atəş açıb. Hücumdan sonra 3 israillinin hadisə yerində öldüyü bildirilib.

İsrail mediası hücumu törədən şəxsin İordaniyanın cənubundakı Maan əyalətinin Udrah şəhərindən olan 39 yaşlı Mahir Dhiab Hüseyn Əl-Cazi olduğunu bildirib. Qeyd edək ki, Əl Cazi 1968-ci ildə İsrail qüvvələri ilə Fələstin Azadlıq Təşkilatı (FAT) və İordaniya silahlı qüvvələri arasında baş vermiş “Karameh” müharibəsində İordaniya ordusunun komandanı olmuş Mahir əl Cazinin nəslindəndir.

İsrail hücumdan sonra İordaniya ilə olan üç quru sərhədini bağlayıb.

İordaniyalının hücumunun oktyabrın 7-də alovlanan Qəzza müharibəsi ilə əlaqəli olduğu güman edilir.

İsrailin Magen David Adom xilasetmə xidmətinin məlumatına görə, ölən əsgərlər 50 yaşlarında kişilərdən ibarətdir.

İsrail Müdafiə Qüvvələri (IDF) X sosial media hesabından etdiyi paylaşımda bölgədə bomba olma ehtimalına nəzərə alaraq hadisə yerinə başqa qüvvələr də göndərildiyi qeyd edilmişdi.

Qeyd edək ki, 2014-cü ildən bəri həmin sərhəddə təhlükəsizliklə bağlı nisbətən az insident baş verib. Ən son 2014-də İsrail təhlükəsizlik qüvvələri iordaniyalı bir hakimi güllələyərək öldürmüşdü.

İordaniyanın dövlət Petra Xəbər Agentliyi xəbər verir ki, İordaniya hakimiyyəti də atışma ilə bağlı araşdırma aparır. Qərblə müttəfiq olan ərəb ölkəsi 1994-cü ilin oktyabrında İsraillə sülh sazişi imzalayıb. Lakin Fələstin əhalisinin çox olduğu ölkədə müharibəyə cavab olaraq kütləvi etiraz aksiyaları keçirilməkdədir. Bu səbəbdən ölkə İsrailin fələstinlilərə qarşı siyasətini tənqid etməyə davam edir.

Xatırladaq ki, İordan çayı üzərində yerləşən Allenbi körpüsü daha çox fələstinlilər və beynəlxalq turistlər və ya yük daşımaları üçün istifadə olunur.

İsrail və İordaniya rəsmiləri keçidin növbəti xəbərdarlığa qədər bağlandığını elan etdi. İsrail də şimalda Bet Şean və cənubda Eilat yaxınlığında yerləşən iki quru keçidini bağladığını açıqladı.

Onu da əlavə edək ki, minlərlə iordaniyalı Cazi tərəfindən həyata keçirilən əməliyyatı qeyd etmək üçün bazar günü axşam Əmmanın köhnə şəhərindəki Əl-Hüseyni məscidindən yürüş keçirib.

Qeyd edək ki, müharibə başlayandan bəri işğal altındakı İordan çayının qərb sahilində zorakılıq, şiddət halları artır. İsrail demək olar ki, hər gün fələstinlilərin sıx məskunlaşdığı ərazilərə basqınlar həyata keçirir.

Amerika Birləşmiş Ştatları (ABŞ), Qətər və Misir aylardır atəşkəs və girovların qaytarılması üçün vasitəçilik etməyə çalışsalar da, danışıqlar dəfələrlə nəticəsiz qalıb.

Digər Kateqoriyalar

2024 © Azervoice