Bakı, AzerVoice
Hizbullah, ABŞ və Böyük Britaniyanın Yəməndə, İranın dəstəklədiyi husilərin nəzarətində olan bölgələrə qarşı həyata keçirdiyi hava hücumlarını sərt şəkildə qınayıb.
AzerVoice xəbər verir ki, bu haqda Hizbullahın verdiyi açıqlamada deyilir.
Açıqlamada, ABŞ-ın bu hücumlarının beynəlxalq hüququn açıq şəkildə pozduğu qeyd edilib.
"ABŞ rəhbərliyi Yəməndə mülki insanları və həyati əhəmiyyətli obyektləri bombalayaraq əsl simasını bir daha nümayiş etdirir. ABŞ, bölgədə və dünyada onun imperialist siyasətinə qarşı çıxan xalqlara qarşı zorakılıq və terrora əl atır",- deyə açıqlamada bildirilib.
Açıqlamada, İsrailin Qəzza zolağı, Livan və Suriyaya qarşı həyata keçirdiyi hücumların da ABŞ-ın dəstəyi ilə baş verdiyi vuğulanıb.
Xatırladaq ki, Tramp dünən Truth Social platformasında verdiyi açıqlamada, Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etmişdi.
Bununla yanaşı, Tramp, İranın husilərə verdiyi dəstəyi dayandırmasını tələb etmişdi.
"Husi terrorçularına verilən dəstək dərhal dayandırılmalıdır. ABŞ xalqını təhdid etməyin. Əgər bunu etsəniz, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və sizə qarşı heç də yumşaq davranmayacaq",- deyə Tramp qeyd edib.
Həmçinin xatırladaq ki, ABŞ rəsmi olaraq Husiləri terror təşkilatları siyahısına daxil etmişdi.