BAKI, AzerVoice
İsrail Müdafiə Naziri Yisrael Katz, Suriyanın yeni rəhbərliyinə açıq təhdid mesajı ünvanlayıb.
AzerVoice xəbər verir ki, Katz təhdid mesajını İsrail ordusunun işğal altında saxladığı Hermon dağı bölgəsinə etdiyi səfər zamanı verib.
"Suriya Prezidenti Əhməd Şara hər səhər Dəməşqdəki prezident sarayında gözlərini açdıqda, İsrail ordusunun onu Hermon zirvəsindən izlədiyini görəcək" ,- deyə o bildirib.
Katz İsrail ordusunun Suriyanın cənubundakı hərbi əməliyyatlarına toxunaraq, İsrailin burada “müddətsiz qalmağa hazır olduğunu” vurğulayıb.
O, İsrailin Suriya cənubunda heç bir silahlı unsurun olmamasını təmin etmək üçün bölgədə təxminən 40 hədəfə hava hücumu həyata keçirdiyini qeyd edib.
Qeyd edək ki, Suriyada 27 noyabr 2024-cü ildə şiddətlənən toqquşmaların ardından, 8 dekabrda 61 illik BAAS rejiminin çökməsi ilə eyni vaxtda İsrail ordusunun hücumları artıb.
İsrail ordusu rejim qüvvələrindən qalan hərbi infrastrukturu və imkanları məhv etməyə başlayaraq, Suriyanın Golan Təpələrindəki işğalını genişləndirib.
Hazırda İsrail ordusu Golan Təpələri ətrafındakı tampon bölgəyə daxil olub və işğalını daha da irəli apararaq, Dəməşqə 25 kilometr məsafəyə qədər yaxınlaşıb.
Həmçinin qeyd edək ki, İsrail 1967-ci ildən bəri Suriya torpağı olan Golan Təpələrini işğal altında saxlayır.