Bakı, AzerVoice
Misir xarici işlər naziri Bədr Əbdül Ati İordaniyalı həmkarı Əymən əs-Səfədi ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, bu haqda Misir Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, görüş zamanı çərşənbə axşamı Qahirədə keçirilməsi planlaşdırılan fövqəladə Ərəb Sammitinə dair aparılan hazırlıqlar müzakirə edilib.
Bunula yanaşı, görüşdə fələstinlilərin öz torpaqlarından köçürülməsinin qəti şəkildə rədd edildiyi vurğulanıb. Qəzzada atəşkəs razılaşmasının bütün mərhələlərinin icrasını təmin etmək üçün birgə əməkdaşlıq, regional və beynəlxalq həmrəyliyin vacibliyi qeyd edilib.
Qeyd edək ki, daha öncə Əbdül Ati Misirin Qəzzanın bərpası üçün olan hərtərəfli planın hazır olduğunu bildirmişdi. O vurğulamışdı ki, Misir plan üçün beynəlxalq dəstək və maliyyələşdirmə axtaracaq və xüsusilə Avropa bu prosesdə mühüm rol oynayacaq.
Qeyd edək ki, ərəb dövlətləri, ABŞ prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək və fələstinliləri başqa yerlərə köçürmək planını sürətlə rədd etdikdən sonra, bu ideyanın qarşısını almaq üçün ortaq diplomatik strategiya hazırlamağa çalışırlar.