Bakı,
AzerVoice
Ərəb ölkələri, Qəzza zolağının müharibədən sonra yenidən qurulması
üçün ilkin üç il ərzində 20 milyard dollar maliyyə ayırmağı
nəzərdən keçirir.
AzerVoice xəbər verir ki, bu təşəbbüs
əsasən Misirin Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ və Qətərlə birgə
hazırladığı təklifə əsaslanır.
Plan, HƏMAS-ın iştirakı olmadan Qəzzanı idarə edəcək Fələstin
komitəsinin yaradılmasını və beynəlxalq tərəflərin yenidənqurma
prosesinə cəlb edilməsini nəzərdə tutur.
Məlumata görə, Prezident Əbdülfəttah əs-Sisi cümə axşamından sonra Ər-Riyada səfər edəcək. Burada ərəb ölkələri ilə birlikdə Qəzzanın bərpası üçün maliyyə dəstəyinin təmin olunması məsələsini müzakirə edəcək.
Bundan əlavə, martın 4-də Qahirədə ərəb sammiti keçiriləcək. Bu sammitdən əvvəl Səudiyyə Ərəbistanında liderlər planı nəzərdən keçirib müzakirə edəcəklər. İordaniya, Misir, BƏƏ və Qətər liderlərinin gələn cümə günü Səudiyyə Ərəbistanında görüşü gözlənilir, lakin bəzi mənbələr bu tarixlərin hələ dəqiqləşmədiyini bildirir.
Həmçinin, Ərəb ölkələrinin ABŞ prezidenti Donald Trampın Qəzzaya nəzarət etmə və fələstinliləri didərgin salmaq təklifinə qarşı çıxdığı bildirilir. Trampın Qəzzadan fələstinliləri çıxarıb, onları İordaniya və Misirə yerləşdirmək və bölgəni “Yaxın Şərqin Rivierası”na çevirmək planı Misir və İordaniya tərəfindən dərhal rədd edilib.
İsrailin Xarici İşlər Naziri Gideon Saar isə bildirib ki, HƏMAS-ın Qəzzanı idarə etməyə davam etməsini nəzərdə tutan hər hansı plan “qəbuledilməz” olacaq.ər
Qeyd edək ki, BƏƏ-dən olan universitet professoru Əbdül Xaliq Abdullah, ərəb ölkələrinin Qəzzanın yenidən qurulmasına 20 milyard dollar töhfə verəcəyi halda, bunun Trampın planına təsir edə biləcəyini söyləyib.
"Tramp maliyyə əməliyyatları adamıdır. Ona görə də 20 milyard dollar onda yaxşı təəssürat yaradacaq və bir çox Amerika və İsrail şirkətlərinə fayda verəcək", - deyə Abdullah bildirib.
Bu plana dair müzakirələrin davam etdiyi və region ölkələrinin verəcəyi maliyyə töhfələrinin həcminin hələ dəqiqləşdirilmədiyi qeyd edilir. Planın üç il ərzində həyata keçirilməsi nəzərdə tutulur.