Bakı, AzerVoice
Fələstin torpaqlarının ilhaq edilməsi və fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən köçürülməsi cəhdlərini rədd edirik.
AzerVoice xəbər verir ki, bu sözlər İordaniya kralı II Abdullah bu gün ABŞ Konqresi nümayəndə heyəti ilə görüşü zamanı verdiyi açıqlamada öz əksini tapıb.
İordaniya Kral Sarayının bəyanatına görə, kral II Abdullah Qəzzada atəşkəsin davamlı olmasının təmin edilməsinə və beynəlxalq humanitar yardımın artırılmasına çağırıb.
Kral II Abdullah ədalətli və hərtərəfli sülhün yalnız iki dövlət əsasında həll yolu ilə əldə oluna biləcəyini vurğulayaraq, İordaniya ilə ABŞ arasında strateji tərəfdaşlığın vacibliyini və bütün sahələrdə bu tərəfdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd edib.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalarını təkrarlayaraq, İordaniya Kralı II Abdullah ilə görüşündə Qəzzanı ABŞ-ın yurisdiksiyası altına alacaqlarını bildirib.
"Qəzzanı ələ keçirəcəyik və onu nəzarətimizdə saxlayacağıq”- deyə Tramp bildirib.
Tramp həmçinin, Qəzzadakı fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsi planını xatırladaraq, Qəzzanın yaşayış üçün yararsız bir ərazi olduğunu və yenidən qurulmalı olduğunu təkrarlayıb.
"Orada satın alınacaq bir şey yoxdur. Oranı ələ keçirəcəyik və nəzarətimizdə saxlayacağıq. Nəhayət, bu layihəni həyata keçirərək Orta Şərqdə insanlar üçün çox sayda iş imkanı yaradacağıq. Məncə, bura bir almaz ola bilər", – deyə Tramp bildirib.