Əsas səhifə » Misir və İordaniya Qəzza mövzusunda həmfikirdirlər

Misir və İordaniya Qəzza mövzusunda həmfikirdirlər

Bakı, AzerVoice

Misir prezidenti Əbdülfəttah Əl-Sisi və İordaniya kralı II Abdullah Qəzza mövzusunda həmfikirdirlər.

AzerVoice xəbər verir ki, bu barədə Misir prezidentinin rəsmi sözçüsü məlumat verib.

Məlumata əsasən iki ölkə başçısı, Qəzza ilə bağlı vahid mövqedə olduqlarını təsdiqləyiblər və əhalinin köçürülmədən dərhal zolağın yenidən qurulmasına başlanmasının vacibliyini vurğulayıblar.

Onlar həmçinin İsrail qüvvələrinin İordan çayının qərb sahilində fələstinlilərə qarşı törətdiyi cinayətlərin dayandırılmasının zəruriliyini qeyd ediblər.

Rəsmi sözçü bildirib ki, liderlər Yaxın Şərqdə daimi sülhün əldə edilməsi məqsədilə ABŞ prezidenti Donald Trampla sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Onlar uzun müddət gözlənilən bu məqsədin həyata keçirilməsi üçün Fələstin dövlətinin 1967-ci il iyunun 4-dəki sərhədlər çərçivəsində və Şərqi Qüdsün paytaxt olması ilə yaradılmasını, BMT-nin müvafiq qərarlarına əsaslanaraq, regiondakı bütün xalqlar arasında sülh içində birgə yaşayışın təmin edilməsini dəstəkləyiblər.

Sözçü həmçinin bildirib ki, Əl-Sisi və II Abdullah ərəb ölkələri arasında əlaqələndirmə və məsləhətləşmələrin gücləndirilməsi yollarını, eləcə də cari ilin 27 fevralında Misirdə keçiriləcək fövqəladə ərəb zirvə toplantısına hazırlıqları müzakirə ediblər.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalarını təkrarlayaraq, İordaniya Kralı II Abdullah ilə görüşündə Qəzzanı ABŞ-ın yurisdiksiyası altına alacaqlarını bildirib.

"Qəzzanı ələ keçirəcəyik və onu nəzarətimizdə saxlayacağıq”-deyə Tramp bildirib.
Tramp həmçinin, Qəzzadakı fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsi planını xatırladaraq, Qəzzanın yaşayış üçün yararsız bir ərazi olduğunu və yenidən qurulmalı olduğunu təkrarlayıb.

"Orada satın alınacaq bir şey yoxdur. Oranı ələ keçirəcəyik və nəzarətimizdə saxlayacağıq. Nəhayət, bu layihəni həyata keçirərək Orta Şərqdə insanlar üçün çox sayda iş imkanı yaradacağıq. Məncə, bura bir almaz ola bilər", – deyə Tramp bildirib.

Digər tərəfdən, İordaniya Kralı II Abdullah, Trampın Qəzza ilə bağlı açıqlamaları qarşısında ehtiyatlı ifadələr işlədib və açıq mövqe bildirməkdən çəkinib.

Kral Abdullah, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla, bir sıra ərəb ölkələrinin fələstinlilər üçün hər kəsin xeyrinə olacaq bir planın necə həyata keçirilə biləcəyini müzakirə etdiklərini və bu görüşlərin nəticəsini gözləməyin vacib olduğunu vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice