Əsas səhifə » Yaxın Şərqdə Düşüncənin Dünyəviləşməsi və Lokallaşması

Yaxın Şərqdə Düşüncənin Dünyəviləşməsi və Lokallaşması


Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

İstənilən ideoloji sistem “təsir əks təsirə bərabərdir” düsturuna uyğun olaraq inkişaf edir. Bunu misallarla izah etməyə çalışacam. XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatı yarandı. Bu hərəkatın nümayəndələri hesab edirdilər ki, Azərbaycan xalqının bilik səviyyəsi inkişaf etmiş xalqlar sırasına daxil olmaq üçün yetərli deyil. Hərəkatın ideoloji təbliğatı həm nəsr, həm də nəzmdə aparılmağa başladı. Eyni dövrdə üsuli-cədidçilik cərəyanı meydana gəldi. Bu cərəyanın nümayəndələri köhnə mədrəsə sisteminin yeni dünyanın çağırışlarına cavab verə bilən insanlar hazırlamaq gücündə olmadığını vurğulayırdılar və yeni tipli məktəblər yaratmağa çalışırdılar.

Rusiya İmperiyasında qeyri-rus, xüsusilə müsəlman xalqlara qarşı yürüdülən siyasət 1911-1917-ci illər arasında Rusiya müsəlmanlarını müxtəlif formatlarda bir araya gətirdi. Bu dövrdə türk dilinin qorunması və onun əsasında siyasi birliklərin qurulması ideyası geniş yayılaraq türkçülük düşüncələrinin inkişafına səbəb oldu. Lakin 1917-ci il inqilabları və Rus İmperiyasının dağılma ehtimalının ortaya çıxması nəticəsində, ümumi mədəni türkçülüyün bu proseslərdə mühüm rol oynamaq imkanından məhrum olduğu aydın oldu. Bunun nəticəsi olaraq azərbaycançılığın ilkin forması yarandı. Bu, türkçülük ideologiyasının lokallaşmasının bariz nümunəsi idi. Nəticədə, 1918-1920-ci illərdə Azərbaycanda qısa müddət ərzində bir dövlət təsisatının yaranması mümkün oldu.

Eyni zamanda, Yaxın Şərqdə də oxşar proseslər müşahidə edilirdi. Osmanlı dövləti mövcudluğunu qorumaq üçün əvvəlcə osmanlıçılıq ideologiyasını irəli sürdü. Lakin ermənilərin, serblərin, bolqarların və digər qeyri-müsəlman xalqlarının üsyanları bu ideologiyanın iflasına səbəb oldu. Daha sonra islamçılıq cərəyanı ortaya çıxdı və Osmanlı daxilində müsəlman xalqlarını bir arada tutmağa çalışdı. Lakin ərəb və alban üsyanları nəticəsində islamçılıq ideologiyası da uğursuzluğa düçar oldu. Bu dövrdə local türk millətçiliyi ideyaları aktuallaşdı və nəticədə Türkiyə Cümhuriyyəti yaradıldı.

Ərəb dünyasında isə XIX əsrdən etibarən islamçılıq və ərəb millətçiliyi arasında davamlı mübarizə gedirdi. Ərəb millətçiliyi ərəb cəmiyyətlərinin lokallaşmasına tam nail olmasa da, ərəb dövlətlərinin yaranmasında mühüm rol oynadı. Ərəb islamçılığı, türk islamçılığından fərqli olaraq, daha ümumbəşəri olmağa çalışsa da, siyasi reallıqlar onu da dünyəviləşməyə və lokallaşmağa məcbur etdi.

Bugünkü Yaxın Şərqdə, xüsusən Suriyada baş verən proseslərə də bu baxış bucağından nəzər salmaq olar. Bir zamanlar qlobal cihadçı dairələrdə fəaliyyət göstərən Cövlani, bu gün daha çox dünyəvi kontekstli və lokal xarakterli, sırf Suriyanın problemlərinə fokuslanmış mesajlar verir. Onun bu yeni yanaşması keçmiş müttəfiqləri tərəfindən isti qarşılanmır. Artıq ilk etiraz səsləri eşidilir ki, Cövlani keçmiş ideoloji çevrələrdən uzaqlaşaraq yeni bir siyasi yol seçir. Bu yolda isə Türkiyə kimi laik bir dövlətin dəstəyi onun üçün həyati əhəmiyyət daşıyır. Bu səbəbdən, Cövlani daha sekulyarlaşmağa və lokallaşmağa məcburdur. Hətta bu prosesdə əvvəlki ideoloji dairələrə qarşı hüquqi məhdudiyyətlər tətbiq etməyə də ehtiyac duyacağı gözlənilir.

Bu, əşya və hadisələrin dinamik təbiətidir.

Digər Kateqoriyalar

2024 © Azervoice