BAKI, AzerVoice
İordaniya hökuməti “Müsəlman Qardaşlar” (İXVAN) təşkilatının fəaliyyətini rəsmi olaraq qadağan edib. Ölkənin daxili işlər naziri Məzən əl-Fəraya çərşənbə axşam saatlarında günü keçirdiyi mətbuat konfransında təşkilatın bütün fəaliyyətlərinin qanunsuz elan edildiyini bildirib. Qərara əsasən, təşkilata aid bütün ofis və qərargahlar bağlanacaq, hətta digər qurumlarla birgə istifadə olunan məkanlar belə fəaliyyətini dayandırmalıdır.
Nazir həmçinin xəbərdarlıq edərək bildirib ki, təşkilata üzv olmaq, onun ideologiyasını yaymaq və mediada bu mövzuda paylaşımlar etmək qadağandır. Təşkilatın əmlaklarının müsadirəsi ilə bağlı yaradılmış xüsusi komissiyanın işi sürətləndirilib.
Rəsmi qərara “Müsəlman Qardaşlar” cavab verməsə də, onun siyasi qanadı olan və parlamentdə onlarla deputatla təmsil olunan “İslami Əmək Cəbhəsi Partiyası” bəyan edib ki, fəaliyyətini tamamilə müstəqil siyasi təşkilat kimi davam etdirəcək.
Qeyd edək ki, ötən həftə İordaniya təhlükəsizlik orqanları 16 nəfəri saxlayıb. Onlar ölkədə raket və pilotsuz uçuş aparatları hazırlamaq, partlayıcılar saxlamaq və xaricdə təlimlər təşkil etməkdə ittiham olunurlar. HƏMAS bu şəxslərin Fələstinə dəstək məqsədi ilə hərəkət etdiyini və İordaniyaya qarşı təhdid olmadığını bildirib.
Daxili işlər naziri əlavə edib ki, “Müsəlman Qardaşlar” 2020-ci il məhkəmə qərarı ilə artıq ləğv edilsə də, son dövrlər gizli şəkildə fəaliyyətlərini davam etdirib və ölkənin sabitliyini pozmağa çalışıblar.
Eyni zamanda, mənbələr bildirir ki, hökumət bu qərardan sonra təşkilatla əlaqəli “İordaniya Müəllimlər İttifaqı” məsələsində də addımlar ata bilər. Qeyd edək ki, bu ittifaq 2020-ci ildə fəaliyyətini dayandırıb, lakin son seçkilərdə təşkilat və onun partiyası 460 min səs toplayaraq güclü ictimai dəstək göstərib.