BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
İordaniyada Müstəqil Seçki Komissiyası çərşənbə axşamı İslami Əmək Cəbhəsi Partiyasının (İxvanın siyasi qolu) ittiham siyahısında adı keçən 3 üzvünün partiya üzvlüyünün dondurulduğunu açıqladı. Bu şəxslər Dövlət Təhlükəsizlik Məhkəməsində ictimai asayişi pozmaqla bağlı ittiham olunurlar. Ekspertlərə görə bu addım, İordaniya hakimiyyətinin mümkün reaksiyasını yumşaltmağa yönəlib.
Bu qərar – Seçki Komissiyasına çərşənbə axşamı bildirilmiş – milli təhlükəsizliyi təhdid edən, yerli silah istehsalı və döyüş vasitələrinin idxalı ilə bağlı planların üzə çıxmasından sonra verilib. Bu da rəsmi dairələrdə partiya üzvlərinin bəzi fəaliyyətlərinə dair narahatlığı artırıb.
Ekspertlərin fikrincə İxvanın bu addımı, – təşkilati daxili tədbir olsa da – siyasi təmizə çıxma deyil, daha çox hakimiyyətin mümkün reaksiyasını əvvəlcədən önləməyə yönəlmiş taktikadır.
Rəsmi dairələrdə İxvanın daxili siyasi ritorikası ilə bölgədəki (xüsusilə də HƏMAS-la) əlaqələri arasında sərhəd çəkə bilmədiyinə dair inam getdikcə güclənir. HƏMAS, İordaniya tərəfindən 1999-cu ildə ölkədən qovulduğundan bəri birbaşa təhlükə kimi qəbul edilir.
İordaniyada orduya qarşı şüarlar rəsmi və siyasi dairələri narahat edir
Keçən həftə paytaxt Əmmanın mərkəzində keçirilən genişmiqyaslı yürüş zamanı nümayişçilər ordunun İsrailə qarşı müharibəyə qoşulmasını və Qəzzada baş verənləri sadəcə izləməklə kifayətlənməməsini tələb etdilər. Bəziləri isə "Bir, iki… ərəb ordusu haradadır… yatır" kimi i şüarlar səsləndirdi.
Qəzza müharibəsi zamanı İxvanın HƏMAS-a açıq dəstəyi, bu təşkilatın etiraz aksiyalarının təçkil etməso, HƏMAS bayraqlarının qaldırılması və bəzi aksiyalarda HƏMAS liderlərinin videobağlantı ilə çıxış etməsinə icazə verilməsi rəsmi narahatlığı daha da artırıb.
Təşkilat sonradan bəzi təşkilati pozuntulardan uzaqlaşmağa çalışsa da verdiyi siyasi siqnallar qeyri-müəyyən qalır və siyasi ritorikanı aşan fəaliyyətlərlə bağlı şübhələri qidalandırır
Bu təəssüratı daha da gücləndirən amil, ötən ilin iyununda paytaxt Əmmanda aşkar edilmiş partlayıcı anbarlarıdır. Onlar xarici mənşəli sayılır və bəzi şübhəlilərin İxvanla zəif də olsa əlaqəsi olub. Bu hallar fərdi kimi qiymətləndirilsə də, təkrarlanması İslami Əmək Cəbhəsini daimi müdafiə mövqeyinə salır və onun öz kadrlarına nəzarət qabiliyyəti ilə bağlı əsaslı suallar doğurur.
Müşahidəçilərə görə bu qərar yalnız intizam tədbiri deyil, həm də İxvanın siyasi və təhlükəsizlik baxımından kritik bir məqamda hakimiyyətə xoş niyyət siqnalı göndərmək cəhdidir. Ancaq bu, təşkilatın nə ritorikasında, nə də regional əlaqələrində struktur dəyişiklik etdiyini göstərmir.
Bu addım eyni zamanda, partiyanın hüquqi təzyiqlərdən qorunması məqsədinə də xidmət edir. Çünki bəzi çevrələrdə partiyanın tamamilə qadağan olunması tələbləri artır. Ancaq bu çağırışlar hələlik İordaniya hakimiyyətinin gərginlikləri tam qarşıdurmaya çevirməmə siyasətinə uyğun gəlmir.
Bununla belə, hökumətin səbr limiti sonsuz deyil. Əgər İxvan yasaqlanmış bölgələrdə etirazları davam etdirərsə və təxribatçı ritorikanı gücləndirərsə, daha sərt tədbirlərin görülməsi gündəmə gələ bilər. Hazırkı şəraitdə hökumət həm daxili ictimai narazılıq, həm də getdikcə daha gərginləşən regional balanslar səbəbilə ikili təzyiqlə qarşı-qarşıyadır. Belə bir durumda, İxvanın həm sistem içində qalmağa çalışan, həm də kütləni cəlb etmək üçün ritorikasını sərtləşdirən davranışı dövlətin bu təşkilatla bağlı mövqeyini yenidən nəzərdən keçirməsini sürətləndirə bilər.
Durumu daha da həssas edən amil, dövlətin hazırda siyasi modernləşmə planı həyata keçirməsidir. Bu plan, partiyalı parlament və daha sabit siyasi mühit tələb edir. Belə bir kontekstdə İxvan kimi böyük bir təşkilatın xaricdə qalması bu baxışla ziddiyyət təşkil etsə də, əgər dövlət onların siyasi oyunun qaydalarına riayət etmədiyini düşünərsə, bu, real bir seçimə çevrilə bilər.
Hazırda İordaniya hakimiyyəti qarşısında iki yol var: ya təşkilatı ciddi siyasi və təhlükəsizlik çərçivəsində saxlamağa çalışacaq, ya da daha qəti addımlar atacaq – və bu addımlar artıq ertələnə bilməz.
İxvanın son bəyanatları HƏMAS-ın mövqelərinə bənzəyirdi və
onların təşkil etdiyi etirazlarda HƏMAS bayraqları və şüarları
üstünlük təşkil edirdi.
Bəzi tədbirlər hökumətin etiraz qadağalarına qarşı çıxaraq, İsrail
sərhədi yaxınlığında və ya xarici səfirliklərin, xüsusilə də
İsrail və ABŞ səfirliklərinin
qarşısında keçirilib. Bu hadisələr 11 aprel də daxil olmaqla
təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara səbəb olub.