BAKI, AzerVoice
“Əhali azalması Türkiyə üçün müharibədən daha böyük təhlükədir”.
AzerVoice xəbər verir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhali azalmasının Türkiyə üçün ən ciddi təhdidlərdən biri olduğunu bildirib.
Atatürk Mədəniyyət Mərkəzində keçirilən KADEM-in 5-ci Adi Baş
Assambleyasında çıxış edən Prezident Ərdoğan, əhali strukturundakı
dəyişikliklərin gələcək üçün böyük təhlükə yaratdığını vurğulayıb.
O qeyd edib ki, əhali azalması ölkənin gələcəyini təhdid edən əsas
problemlərdəndir və bu, təkcə statistik bir məsələ deyil, milli
təhlükəsizlik məsələsidir.
Prezident Qərb dəyərlərinin ailə institutu və demoqrafik sabitlik
üzərindəki mənfi təsirlərini tənqid edib. O bildirib ki, sosial
medianın xaotik mühiti, gender neytrallaşdırma siyasətləri və
neoliberal həyat tərzi ailə dəyərlərini sarsıdır, gəncləri
evlənməkdən və ailə qurmaqdan uzaqlaşdırır.
Ərdoğan həmçinin vurğulayıb ki, əhalinin azalması ilə mübarizə yalnız maddi təşviqlərlə deyil, həm də mədəni və mənəvi dəyərlərin yenidən dirçəldilməsi ilə mümkündür. Bu çərçivədə ailə institutunu qorumaq və gücləndirmək dövlətin prioritetlərindən biri olmalıdır.
Qeyd edək ki, son illərdə Türkiyədə doğum nisbətində ciddi azalma müşahidə olunur. Proqnozlara görə, mövcud tendensiya davam edərsə, yaxın 10 ildə əhali artımı dayanacaq, əsrin sonuna qədər isə əhali 10 milyon nəfər azala bilər.