Əsas səhifə » ABŞ Husilərə məxsus limanı məhv edib - Yəməndə 38 ölü, 100-dən çox yaralı

ABŞ Husilərə məxsus limanı məhv edib - Yəməndə 38 ölü, 100-dən çox yaralı

BAKI,AzerVoice

Yəməndəki husilər cümə günü Hudeydə vilayətindəki Qırmızı dəniz sahilində yerləşən Rəs İsa neft limanına ABŞ tərəfindən endirilən zərbələr nəticəsində ölənlərin sayının 38 nəfərə, yaralıların isə 100 nəfəri keçdiyini açıqlayıblar. Bu, ABŞ-ın İranla müttəfiq olan husi hərəkatına qarşı başladığı hücumlar fonunda ən çox insan tələfatı qeydə alınan günlərdən biri sayılır.

Husilərə bağlı "Əl-Məsirə" telekanalı Hudeydə Səhiyyə İdarəsinə istinadən bildirib ki, "Rəs İsa neft obyektinə qarşı ABŞ-ın həyata keçirdiyi təcavüz aktı nəticəsində 38 işçi və əməkdaş şəhid olub, 102 nəfər isə yaralanıb. Bu, hələlik qeyri-son nəticədir".

Eyni kanalda cümə günü səhər tezdən yayımlanan və "ABŞ-ın Rəs İsa limanına hücumunun ilk görüntüləri" kimi təqdim olunan kadrda gəmi olan ərazidə alov topunun parlaması və ardınca qalın tüstü sütunlarının havaya qalxması müşahidə olunur. Husilər həmin gün ABŞ-ın hava zərbələrinə etiraz və Qəzzadakı fələstinlilərə dəstək məqsədilə etiraz aksiyaları keçirdiklərini də bəyan ediblər.

ABŞ ordusunun açıqlaması

Digər tərəfdən, ABŞ ordusu Rəs İsa neft limanının məhv edildiyini təsdiqləyib. ABŞ Mərkəzi Komandanlığının "X" (əvvəlki Twitter) platformasında yaydığı bəyanatda bildirilib:

“ABŞ qüvvələri bu obyektə qarşı əməliyyat keçirdi. Bu, İranın dəstəklədiyi husi terrorçularına yanacaq və maliyyə gəliri təmin edən mənbə idi. Hədəf, onların on ildən artıqdır ki, bölgəni terrora çevirən fəaliyyətlərinə son qoymaq və qeyri-qanuni gəlirlərdən məhrum etmək məqsədi daşıyır”.

Hərbi əməliyyatlar davam edir

15 mart tarixində Vaşinqton Qırmızı dəniz və Ədən körfəzində gəmilərə qarşı hücumları dayandırmaq məqsədilə husilərə qarşı hərbi əməliyyatlara başladığını elan etdikdən sonra, onların nəzarətindəki ərazilər demək olar ki, hər gün hava zərbələrinə məruz qalır. ABŞ bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Husilərin bu hücumlara cavabı isə İsrailin Qəzzaya qarşı həyata keçirdiyi blokada və hücumlara görə beynəlxalq dənizçilik hədəflərinə qarşı təhdidləri yenidən gündəmə gətirmək olub. Belə ki, 18 martda İsrail iki ay davam edən atəşkəsi pozaraq Qəzzaya qarşı hücumlarını bərpa etdikdən sonra, husilər də ABŞ və İsrailə məxsus hərbi gəmilərə qarşı hücumlarını davam etdirəcəklərini bəyan ediblər.

İsrəilə və beynəlxalq gəmilərə qarşı hücumlar

7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra başlayan İsrail-Qəzza müharibəsi fonunda husilər onlarla raket hücumu həyata keçirib. Onlar bu hücumların həm İsrailə, həm də Qırmızı dənizdə ona bağlı gəmilərə qarşı olduğunu bildiriblər.

İsrail ordusu cümə günü səhər bir daha Yəməndən atılmış bir raketin havada qarşılandığını elan edib.

ABŞ prezidenti Donald Tramp isə husiləri məhv etməklə hədələyibİrana onların dəstəyini davam etdirməmək barədə xəbərdarlıq edib. Trampın bəyanatına paralel olaraq ABŞ cümə axşamı Yəmənə qarşı yeni sanksiyalar tətbiq edib – bunlara Beynəlxalq Yəmən Bankı və onun yüksək səviyyəli rəhbərləri də daxildir. Vaşinqton bankı husilərə dəstək verdiyi üçün hədəf aldığını bildirib.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, Beynəlxalq Yəmən Bankına qarşı tətbiq olunan sanksiyalar İranın dəstəklədiyi husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücumlarını dayandırmaq məqsədilə hökumət səylərinin davamıdır.

Fransa da hərəkətə keçib

Fransa müdafiə naziri Sebastyan Lekornu cümə axşamı axşam saatlarında açıqlama verərək bildirib ki, Fransa donanmasına məxsus freqat Yəməndən buraxılan bir pilotsuz uçuş aparatını (PUA) məhv edib. O, “X” platformasında yazıb: “Silahlı qüvvələrimiz dənizdə azad hərəkətliliyin təmin olunması öhdəliyinə sadiqdir”.

Digər Kateqoriyalar

2025 © Azervoice