BAKI,AzerVoice
Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin 2 martdan bu yana Qəzza zolağına heç bir humanitar yardımın daxil olmasına icazə vermədiyini açıqlayaraq bölgədə vəziyyətin kritik həddə çatdığını bildirib.
AzerVoice xəbər verir ki, BMT sözçüsü Stefan Düjarrik martın 2-dən etibarən İsrailin Qəzzaya heç bir yardım konvoyunun girişinə icazə vermədiyini bildirib.
Onun sözlərinə görə, bu səbəbdən Qəzzada 2 milyondan çox insan tutsaq kimi yaşayır.
Düjarrik, bölgədə humanitar yardım ehtiyatlarının tükənmək üzrə olduğunu vurğulayaraq, xüsusilə uşaqlar və digər mülki şəxslər arasında yüksək stres səviyyəsinin müşahidə edildiyini deyib.
O əlavə edib ki, Qəzzadakı su infrastrukturunun təxminən 90 faizi ya tamamilə, ya da qismən dağıdılıb. BMT rəsmisi İsrailin beynəlxalq hüquqa əsasən bölgəyə qida, tibbi ləvazimatlar və əsas ictimai xidmətlər təqdim etmək öhdəliyini xatırladıb.
Düjarrik həmçinin BMT-nin bölgəyə göndərmək istədiyi insani yardım ehtiyatlarının da tükənmək üzrə olduğunu qeyd edib.
Qeyd edək ki, İsrail 18 mart tarixində Qəzzadakı atəşkəsi birtərəfli şəkildə pozaraq hücumlarını yenidən intensivləşdirib.
Fələstin Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 51 min 65 nəfərə çatıb, yaralananların sayı isə 116 min 505 nəfər olaraq açıqlanıb.