BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Rəsmi səfəri çərçivəsində İrana gələn Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman cümə axşamı günü Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkianla görüşüb.
Səudiyyəli nazir bildirib ki, Səudiyyə rəhbərliyinin təlimatları əsasında Xamenei ilə görüşüb və ona Xadimül-Hərəmein, kral Salman bin Əbdüləzizin yazılı məktubunu təqdim edib. O, “X” platformasında paylaşımında qeyd edib ki, rəhbərlə ikitərəfli münasibətlər və ortaq maraq doğuran məsələlər müzakirə olunub.
İranın “Tasnim” agentliyi Xameneinin görüş zamanı belə dediyini yazıb: “Səudiyyə ilə əlaqələr hər iki ölkə üçün faydalıdır və biz bir-birimizi tamamlayarıq”.
Agentlik bildirib ki, Xamenei ilə görüşdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri də iştirak edib.
Şahzadə Xalid bin Salman
Tehrana çatdıqdan sonra cümə axşamı general Baqiri ilə görüşüb.
İran xəbər agentliklərinin verdiyi məlumata görə, Baqiri qeyd edib
ki, Pekin Razılaşmasının imzalanmasından sonra Səudiyyə ilə
münasibətlərdə inkişaf və irəliləyiş müşahidə olunur. Baqiri əlavə
edib ki, Tehran və Ər-Riyad bölgə təhlükəsizliyini təmin etməkdə
mühüm rol oynaya bilər və İran Səudiyyə ilə müdafiə sahəsində
əlaqələri inkişaf etdirməyə hazırdır.
Səudiyyə nazirinin bu səfəri, siyasi dairələrin də qeyd etdiyi
kimi, hər iki ölkəni maraqlandıran regional və beynəlxalq səviyyədə
baş verən hadisələrin fonunda baş tutur.
Səudiyyəli siyasi analitik Əbdüllətif əl-Mülhim bildirib ki, Səudiyyə müdafiə nazirinin İrana səfəri, Ər-Riyadın Tehranla münasibətləri inkişaf etdirməkdə və Pekin Razılaşmasına sadiqliyini nümayiş etdirməkdə qərarlı olduğunu göstərir. O qeyd edib ki, bu səfər iki ölkə arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın artırılması istiqamətində bir addımdır və bu, onların ortaq maraqlarına xidmət edir.
Mülhimin fikrincə, Səudiyyə
rəhbərliyi bölgədə sülh və rifahı təmin etməyə, münaqişələr
mərhələsindən sabitlik və təhlükəsizlik mərhələsinə keçidə çalışır
və bölgə xalqlarının daha firavan və inkişaf etmiş gələcəyə
yönəlmiş istəklərini reallaşdırmaq məqsədi daşıyır. O qeyd edib ki,
Səudiyyə-İran münasibətlərindəki irəliləyiş,
vəliəhd şahzadənin bölgədə sülh, təhlükəsizlik, sabitlik və rifah
yaratmaq istiqamətində apardığı səylərin nəticəsidir. Onun
sözlərinə görə, bu səfər Səudiyyənin regionun təhlükəsizliyi və
sabitliyinin təmin olunmasına yönəlmiş diplomatik səylərinin
davamıdır və bu səylər beynəlxalq və regional tərəfdaşlarla
koordinasiya şəklində aparılır.
Görüşlər silsiləsi
Bu səfər, İran Prezidenti Məsud Pezekianın Səudiyyə vəliəhdi şahzadə Məhəmməd bin Salmanla keçirdiyi telefon danışığından cəmi iki həftə sonra baş verir. Həmin danışıqda tərəflər bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və bir sıra ortaq maraq doğuran məsələləri müzakirə ediblər. Bundan əlavə, bu həftənin bazar ertəsi günü Səudiyyə və İran xarici işlər nazirləri arasında da telefon danışığı baş tutub, burada da bölgədəki hadisələrin inkişafı və bununla bağlı səylər müzakirə olunub.
Gözlənilir ki, Səudiyyə müdafiə nazirinin Tehrana səfəri, bölgədə baş verən son hadisələrlə bağlı fikir mübadiləsi və regional, beynəlxalq səviyyədəki proseslərə dair baxışların uyğunlaşdırılması baxımından əhəmiyyət daşıyacaq. Bu səfərin öncəsi kimi, keçən şənbə günü Oman Sultanlığının paytaxtı Muskatda ABŞ və İran arasında ilk danışıqlar raundu keçirilmişdi. Rəsmi İran xəbər agentliyi (IRNA) bildirib ki, bu həftə şənbə günü həmin danışıqların ikinci raundu planlaşdırılıb. Bundan əlavə, ötən həftə ərzində Səudiyyə və ABŞ rəsmiləri arasında beş mərhələdən ibarət siyasi və təhlükəsizlik məsləhətləşmələri baş tutub.
Bu səfər həm də tarixi xarakter daşıyır. Belə ki, bu, 1979-cu ildən bu günə qədər Səudiyyə müdafiə nazirinin İrana etdiyi yalnız ikinci səfərdir. İlk səfər mərhum şahzadə Sultan bin Əbdüləziz tərəfindən 1999-cu ilin mayında reallaşdırılmış və bu səfər dörd gün davam etmişdi. O zaman o, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirmişdi.
Səudiyyə müdafiə naziri hazırda, Pekin Razılaşmasından sonra İrana səfər edən ən yüksək səviyyəli Səudiyyə rəsmilərindən biridir. Bu razılaşma 10 mart 2023-cü ildə Çin vasitəçiliyi ilə əldə olunmuş və iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə nəticələnmişdi.
Bu razılaşmadan sonra bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub. Bunlardan biri də Səudiyyənin xarici işlər naziri Feysəl bin Fərhanın 2023-cü ilin iyununda Tehrana səfəridir. Həmin səfərdə o bildirib ki, “iki ölkə arasında normal münasibətlər əsasdır, onlar regionda əhəmiyyətli ölkələrdir və onları İslam qardaşlığı və mehriban qonşuluq əlaqələri birləşdirir”. O əlavə edib ki, bu münasibətlər qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmama prinsipinə, həmçinin BMT Nizamnaməsi və İslam Əməkdaşlıq Təşkilatının prinsiplərinə əsaslanır.
İran tərəfdən isə sabiq xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, sonra xarici
işlər vəzifəsini icra edən Əli Baqiri və hazırkı xarici işlər
naziri Əbbas Əraqçi Səudiyyəyə səfər ediblər. Bundan əlavə, sabiq
prezident İbrahim Rəisi 2023-cü ilin noyabrında keçirilən
Ərəb-İslam zirvəsində iştirak edib, birinci vitse-prezident
Məhəmməd Rza Arif isə 2024-cü ildə keçirilən Ərəb-İslam izləmə
sammitinə qatılıb.
“Pekin Razılaşması” öhdəlikləri
İran-Səudiyyə-Çin üçtərəfli birgə komitəsi Pekin Razılaşmasına nəzarət məqsədilə iki iclas keçirib. Birinci toplantı 2023-cü ilin dekabrında Çinin paytaxtı Pekində, ikinci isə 2024-cü ilin noyabrında Ər-Riyadda keçirilib. Bu görüşlərdə hər iki ölkə razılaşmanın bütün maddələrinə sadiq olduqlarını və mehriban qonşuluq prinsiplərinə əməl edəcəklərini vurğulayıblar.
Çin isə bu istiqamətdə dəstəyini davam etdirməyə və İran-Səudiyyə münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdirilməsinə kömək etməyə hazır olduğunu bəyan edib.