BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
İsrail mediası təhlükəsizlik mənbələrinə istinadən yayımladığı xəbərlərdə İsrailin təhlükəsizlik naziri Yisrael Katzın yüksək səviyyəli israilli rəsmilərlə Misirin sülh müqaviləsinin şərtlərini pozduğu iddia edilən məsələlərə dair müzakirələr apardığını bildirib. Həmçinin, “Israel Hayom” qəzetinə danışan israilli təhlükəsizlik rəsmisi qeyd edib ki, İsrail həm Misirə, həm də ABŞ-a Misir ordusunun Sinayda yaratdığı hərbi infrastrukturu ləğv etməyi tələb edib. Bu infrastruktur sülh müqaviləsinin təhlükəsizlik əlavəsinə zidd sayılır.
Misir qüvvələrinin Sinayda sayının artırılması əslində əsas məsələ deyil, çünki bu, istənilən vaxt geri alına bilər. Lakin İsrail ordusunu narahat edən məqam, bu artımın uzunmüddətli yerləşmə niyyəti ilə müşayiət olunan hərbi strukturlaşmadır.
Bu narahatlığı daha da artıran məqam ondan ibarətdir ki, bu inkişaflar son on ildə artan siqnallarla üst-üstə düşür. Misir ordusunun 50 milyard dollara yaxın sürətli və müasir silahlanması, 8 yeni limanın inşası, futbol meydanı ölçüsündə təcili yardım anbarlarının tikintisi, yalnız avadanlıq üçün 2 milyon kvadratmetrdən çox sahənin ayrılması və Süveyş kanalı üzərində 60-dan çox körpü və tunelin inşası kimi addımlar – bütün bunlar Sinaya tam hərbi birliklərin bir saat ərzində daşınmasına imkan verir. Bundan əlavə, Sinayda strateji yanacaq ehtiyatı 40 milyon litrdən 180 milyona yüksəldilib – bu da İsrail təhlilçilərinin diqqətini çəkir.
İsrail, hər nə qədər Misirin sülh müqaviləsinə strateji seçim kimi sadiq qaldığını düşünsə də, siyasi sabitliyin olmaması və hakimiyyət dəyişikliyi ehtimalı bu inamı zəiflədib. Xüsusilə “Əqsa tufanı” əməliyyatı ilə iki ölkə arasında son on ilin “bənzərsiz yaxınlaşma dövrü”ndə çat yaranıb. Bu müharibə, Misir və İsraili kəskin maraq toqquşması ilə üz-üzə qoydu.
İsrail, sərhədlərinə yaxın ərazilərdə müqavimətə meyilli böyük fələstinli əhali qrupunun mövcudluğu ilə barışmaq istəmir. Digər tərəfdən, Misir minlərlə fələstinli qaçqını qəbul etmə ehtimalını ciddi təhlükə kimi görür. Bu, Sinayda zəif təhlükəsizlik sabitliyini pozar, üstəlik xalq arasında qəzəbi alovlandıraraq Misirin köç planında iştirak etdiyi ittihamlarına səbəb ola bilər.
Baxmayaraq ki, bu hadisələr İsrailin planlarının Misirin maraqlarını təhdid etməsi fonunda iki ölkə arasında münasibətlərin yenidən nəzərdən keçirilməsini zəruri edir, Misirin iqtisadi böhranı və dövlətin ümumi zəif vəziyyəti onun İsrailin arzularına qarşı qəti mövqe tutma imkanlarını məhdudlaşdırır. Bu xüsusilə, İsrailin ABŞ və BƏƏ tərəfindən dəstəklənməsi və Qahirənin beynəlxalq və regional maliyyə yardımlarına olan asılılığı fonunda daha da aydın görünür.
Əgər Donald Tramp Fələstinlilərin köçürülməsi planını tam və qəti şəkildə dəstəkləsə, və bu plan Səudiyyə Ərəbistanı tərəfindən qəbul edilsə, o zaman Misirin də bu plana maliyyə və iqtisadi üstünlüklər qarşılığında dəstək verməsi ehtimalı yüksəkdir. Bu zaman Misir planın daxili sabitliyə təsirini azaltmaq üçün bəzi dəyişikliklər tələb edə bilər.
Misir-İsrail münasibətləri yaxın gələcəkdə əvvəlki canlanma dövrünə qayıtmayacaq, əksinə uzunmüddətli qarşılıqlı etimadsızlıq mərhələsi bərpa olacaq. Hər iki tərəf sülh müqaviləsinin saxlanmasına və bu müqavilədən irəli gələn təhlükəsizlik və iqtisadi tərəfdaşlığa önəm verdiyindən, mübahisələr yenidən, təkrar-təkrar üzə çıxsa da, qarşılıqlı nəzarət çərçivəsində idarə olunacaq.
Çünki bu münasibətlər ABŞ tərəfindən təşviq olunmuş və inkişaf etdirilmiş, Misirin ABŞ ilə olan əsas siyasi-strateji xəttinin tərkib hissəsinə çevrilmişdir. Bu səbəblə də, Misirin Vaşinqtonla əlaqələri davam etdirmək istəyindən irəli gələn səbəblərlə Misir-İsrail münasibətləri hələlik davam edəcək.
Arxa fon: "Soyuq sülhdən Sisi–Netanyahu tərəfdaşlığına"
May 2024-cü ildə İsrail öz qüvvələrini Misir ilə Qəzza arasındakı Filadelfiya oxu boyunca yenidən yerləşdirdi və tanklar, ağır texnika daxil etdi. Bu addım Camp David sazişinin pozulması sayıldı. Misir təhlükəsizlik dairələri bu hərəkəti uzunmüddətli təhlükə kimi dəyərləndirdi.
1979-cu ildə imzalanan sülh sazişi, sərhəd boyu yalnız yüngül silahlı Misir mülki polisi qüvvələrinin yerləşdirilməsinə icazə verir, İsrailə isə 4000 əsgərlə 180 zirehli maşınlıq 4 piyada taburu saxlamaq hüququ verirdi. Tanklar, artilleriya və hava hücumlarına qarşı raket sistemləri qadağan edilmişdi.
Camp David sazişi "soyuq sülh" dövrünün əsasını qoydu, və münasibətlər yavaş və ehtiyatla inkişaf etdi. Lakin Mübarəkin son illərində bu münasibətlər 2004-cü ildə imzalanmış "QIZ" sənayə zonaları sazişi ilə irəlilədi – ABŞ, Misir və İsrail arasında gömrüksüz ixrac rejimi yarandı. 2005-ci ildə qaz ixracı sazişi imzalandı – Misir, İsrailə ildə 1.7 milyard kubmetr qaz satacaqdı.
Ancaq 2011-ci il yanvar inqilabından sonra münasibətlər gərginləşdi – etirazçılar İsrail səfirliyinə hücum etdi, Əriş–Aşkelon qaz borusu dəfələrlə partladıldı, və “Müsəlman Qardaşları”nın iqtidara gəlməsi İsraildə narahatlıq yaratdı. Lakin 2013-cü ilin iyul çevrilişi ilə bu kurs dəyişdi və Tel-Əviv Qahirədəki hakimiyyəti İslamçılara qarşı müttəfiq kimi qəbul etdi.
Sinayda İŞİD üsyanı başlayandan sonra, Misir sülh sazişinin təhlükəsizlik əlavəsinə dəyişikliklər tələb etdi. 2021-ci ilin noyabrında bu dəyişikliklər razılaşdırıldı və İsrail hərbi və kəşfiyyat dəstəyi göstərdi. İsrailin qiymətləndirməsinə görə Sinayda 66 minə yaxın misirli əsgər var – bu da sazişin icazə verdiyindən üç dəfə çoxdur.
2018-ci ilin fevralında, Misir və İsrail 19.5 milyard dollarlıq qaz sazişi imzaladı. 2020-ci ildə Misir İsrail qazı idxalına başladı. 2022-ci ilin iyununda, Misir, İsrail və Aİ maye qaz ixracı sazişi imzaladılar. Bu enerji əməkdaşlığı münasibətləri istiləşdirən mühüm bir mərhələ oldu.
Ancaq indi, gərginliklərin fonunda Netanyahu hökuməti qaz qiymətini 40% qaldırmaqla təzyiq göstərir – bu mesajı Qahirə aydın şəkildə alıb.