BAKI, AzerVoice
Air Arabia və BƏƏ-nin Azərbaycandakı Səfirliyi 17 aprel tarixində “Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə Autizm Mərkəzini ziyarət etmiş və autizmli uşaqlarla fincan boyama fəaliyyəti həyata keçirmişdir.
AzerVoice xəbər verir ki, 17 aprel tarixində Air Arabia və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyi “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət etmişdir.
Tədbirdə BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Əl Bluşi, Air Arabia-nın Ərazi üzrə meneceri Nuket Angin və Azərbaycan üzrə təmsilçisi Gülnar Rzazadə iştirak etmişdir. Qonaqları mərkəzin rəhbəri Aytən Eynalova qarşılamış və mərkəzlə yaxından tanış etmişdir. Autizmli uşaqların şəxsi inkişafı və onların gələcək karyeralarına hazırlığı üçün keçirilən dərslər, təlimlər barədə ətraflı məlumat verilmiş, mərkəzin bütün otaqlarında gəzinti təşkil olunmuşdur. Mərkəzin rəhbəri Aytən Eynalova hər bir uşağa individual yanaşma göstərildiyini, onların ehtiyaclarına uyğun proqramların tərtib olunduğunu və bu proqramlar əsasında inkişaf yolunun müəyyənləşdirildiyini bildirmişdir.
Eyni zamanda, mərkəzin nəzdində fəaliyyət göstərən “Kashalata” kafe haqqında da məlumat verilmişdir. Daha sonra kafedə çay süfrəsi təşkil olunmuş, şirniyyatlar və çaylar autizmli uşaqlar tərəfindən təqdim olunmuşdur.
Ziyarət zamanı autizmli uşaqlarla birgə fincan boyama fəaliyyəti həyata keçirilmiş, daha sonra Səfirlik və Air Arabia tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur. Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.
Aprel ayı Autizm Maarifləndirmə Ayı kimi qeyd olunur və bu ziyarət də cəmiyyətin inklüziv üzvlərinə dəstək məqsədi daşıyan sosial təşəbbüslərdən biridir.









