BAKI, AzerVoice
İstanbulda keçiriləcək beynəlxalq toplantıda Fələstinə dəstək üçün 13 ölkənin parlament nümayəndələri bir araya gələcək.
AzerVoice xəbər verir ki, Türkiyə
Böyük Millət Məclisinin təşəbbüsü ilə sabah İstanbulda baş tutacaq
iclasda Fələstinə Dəstək Parlament Qrupunun rəsmi təsis olunması
planlaşdırılır.
Qrupun əsas məqsədi Fələstin məsələsində parlamentlərarası
əməkdaşlıq və məsləhətləşməni gücləndirməkdir.
Toplantıya TBMM sədri Numan Kurtulmuş ev sahibliyi edəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın da tədbirdə çıxış edəcəyi gözlənilir. Açılış nitqi ilə Kurtulmuş çıxış edəcək, ardınca isə 13 ölkənin parlament rəhbərləri Fələstinə dəstək mövzusunda mövqelərini açıqlayacaqlar.
Tədbirdə Fələstin Milli Şurasının sədri Ravhi Fattouh, Qətər Şura Şurasının sədri Həsən bin Abdulla Əl Qanim, BƏƏ Federal Milli Şurasının sədri Sakr Qobaş, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Malayziya parlamentindən Tan Sri Dato Johari bin Əbdül, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Seneqal, İordaniya, Bəhreyn, Əlcəzair, Azərbaycan və Misirdən yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Azərbaycanı Milli Məclis sədrinin müavini Əli Əhmədov təmsil edəcək.
İspaniya Deputatlar Palatasının sədri Fransina Armenqol Sosias isə toplantıya videomüraciətlə qatılacaq.
Tədbirin əsas məqsədi İsrailin Qəzza və digər Fələstin ərazilərində törətdiyi zorakılıqlara qarşı beynəlxalq ictimaiyyəti ortaq mövqeyə çağırmaq və parlament diplomatiyası vasitəsilə sülh təşəbbüslərini gücləndirməkdir.
Qeyd edək ki, TBMM sədri Numan Kurtulmuşun təşəbbüsü ilə başlanan bu parlament təşəbbüsü, Fələstin uğrunda parlamentlərarası həmrəylik xəttinin yaradılmasını hədəfləyir. Görüşdə iki dövlətli həll modelinə dəstək, Fələstin dövlətini tanıyan ölkələrin sayının artırılması və işğal altındakı ərazilərdə baş verən humanitar böhranların aradan qaldırılması yolları da müzakirə ediləcək.
Toplantı sonunda birgə bəyannamənin qəbul ediləcəyi və parlament rəhbərlərinin ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.