Əsas səhifə » Sudaninin seçkilərə namizədliyi Malikinin gələcək liderlik planlarını alt-üst edir

Sudaninin seçkilərə namizədliyi Malikinin gələcək liderlik planlarını alt-üst edir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani çərşənbə günü növbəti parlament seçkilərinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Bu addım onu, növbəti mərhələdə ölkənin lideri olmağa çalışan sabiq baş nazir Nuri əl-Maliki ilə qarşı-qarşıya qoya bilər.

Sudaninin öz namizədliyini irəli sürməsi onun siyasi səhnədə qalmaq və Malikiyə qarşı dayanmaq istəyini ortaya qoyur. Maliki, görkəmli şiə liderlərinin olmaması, partiyalar arasında fikir ayrılıqları, eləcə də Sədrçi Hərəkatı və onun lideri Müqtəda əs-Sədrin seçkiləri boykot etməklə bağlı tərəddüdləri fonunda baş nazirliyə geri dönüş üçün açıq bir yol olduğunu düşünür.

Malikini Sudanilə rəqabət aparmaqda mane olan əsas məsələ, hazırkı baş nazirin regional və beynəlxalq miqyasda qəbul görməsidir. Halbuki Maliki yalnız İranın dəstəyi ilə tanınır və onun əsas missiyası Tehranın maraqlarını qorumaq və İraqı öz gündəmlərinə bağlamaq olub. Lakin indi bu vəziyyət tamamilə dəyişib və bu da Sudaninin xeyrinə işləyir.

İranın şiə milislərə silahı təhvil verib orduya inteqrasiya olunmaları üçün təzyiq göstərməsi, eyni zamanda Malikidən imtina edib Sudanini dəstəkləməsi ehtimalını artırır.

ABŞ-la qarşıdurmadan yayınmaq istəyən İran, müvəqqəti də olsa Maliki kimi müttəfiqlərindən əl çəkə bilər. Belə bir şəraitdə Tehran, daha əlverişli və az təhlükəli namizəd olaraq Sudaninin hakimiyyətdə qalmasına üstünlük verə bilər.

Müşahidəçilər qeyd edirlər ki, İranın “Haşdi Şaabi” çətiri altında fəaliyyət göstərən milislərə təzyiq göstərməsi – onların ləğv olunması, silahlarını təhvil verməsi və fərdi şəkildə orduya qoşulması tələbi – Malikidən imtina qərarını da izah edir. Maliki korrupsiya ilə assosiasiya olunan “yandırılmış bir kart”dır, halbuki Sudani böhranlı mərhələdə İranın işinə yaraya bilər.

Sudaninin seçkilərə qatılması, onun İraqın regional qonşuları və beynəlxalq tərəfdaşları, xüsusən ABŞ ilə balanslaşdırılmış münasibətlər qurmaq niyyətində olduğunu göstərir. Bu isə onun lehinədir. Əksinə, Maliki daxildə – xüsusən Müqtəda əs-Sədrin hərəkatı ilə keçmişdə yaşadığı qarşıdurmalar, Ammar əl-Həkimin “Hikmə” axını ilə soyuq münasibətlər və kürdlər ilə sünnilər arasında etibar itkiləri səbəbilə rədd ediləcək.

Maliki Sudaninin hakimiyyəti dövründə Koordinasiya Çərçivəsi daxilindən dəstək qazanmasından da narahatdır. Bu, onun bu qurumdakı əsas lider və növbəti mərhələnin əsas namizədi statusuna ciddi təhdiddir.

Maliki həmçinin xaricdən – region ölkələrindən, o cümlədən Körfəz ölkələrindən də dəstək almayacaq. Onun hakimiyyətdə olması İraqda investisiyaların dayanması, iqtisadi yardımların azalması deməkdir. Üstəlik, həm Türkiyə, həm də ABŞ açıq şəkildə onun əleyhinədir.

Sudani namizədliyini Süleymaniyyə şəhərində keçirilən 9-cu Forumda açıqlayaraq bildirdi: “Seçkilər İraqda islahat layihəsini dəstəkləmək üçün bir fürsətdir. Hər bir islahatın əsl dəyəri yoxsul və kənarda qalmış təbəqələrə çatmaq və onları yoxsulluqdan xilas etməkdir”.

Təriqətçi və partiyapərəst ritorikadan uzaq bu çıxış, ənənəvi siyasi qüvvələrə alternativ axtaran İraq xalqı arasında geniş əks-səda doğurur.

2025-ci il noyabrın 11-də keçirilməsi planlaşdırılan növbəti parlament seçkiləri üçün artıq erkən hazırlıqlar başlayıb. Sədrçi Hərəkatın iştirak etməyəcəyi ehtimalı fonunda yeni ittifaqlar formalaşacağı gözlənilir. Bu isə digər siyasi qüvvələrə meydanı genişləndirir.

Proqnozlara görə, Sədrçi Hərəkat tərəfdarlarının əksəriyyəti Sudaninin ittifaqına və ya yeni siyasi qüvvələrə səs verəcək. Bu isə Malikin rəhbərlik etdiyi “Qanun Dövləti” koalisiyasının parlamentdəki mövqeyini zəiflədə, hətta hazırkı yer sayını belə itirməsinə səbəb ola bilər.

Bu çətinliklərə baxmayaraq, Sudani özünü “sabit idarəetmə” seçimi kimi təqdim etməyə çalışır. O, hökumətinin nailiyyətlərinə və reallıqla arzular arasında tarazlıq saxlayan ritorikasına güvənir.

“İraq XXI əsrin ikinci rübünə qədəm qoyur və ölkənin hər bir guşəsində bənzərsiz uğur hekayələri yazılır”-deyə, Sudani özünü mədh edib.

O, şəhərlərdə fasiləsiz infrastruktur və xidmət layihələrinin aparıldığını, infrastrukturun genişləndiyini, gecikən layihələrin isə minlərlə səviyyəsindən 850-dən aşağı salındığını qeyd edib.

Sudaninin namizədliyi gözlənilən idi, lakin seçki rəqabətinin çətin və bir çox ehtimallara açıq olacağını göstərir.

Lakin buna baxmayaraq, o siyasi parçalanmaları aşa biləcək müstəqil bir şəxsiyyət kimi qiymətləndirilir. Onun iqtisadi və sosial islahatlara yönəlmiş fəaliyyəti cəmiyyətdə rezonans doğurur və qələbəsi İraqın siyasi mənzərəsini dəyişə bilər.

İraq parlamenti növbəti seçkilərin 11 noyabr 2025-ci ildə keçiriləcəyini elan edib. İraqın Ali Seçki Komissiyası ötən ay seçici siyahısının yenilənməsi prosesinə başladığını və bu prosesin bir ay davam edəcəyini bildirib.

Komissiyanın sözçüsü Cumana əl-Qallayi 26 mart tarixində bəyan edib ki, təxminən 30 milyon insan qarşıdakı parlament seçkilərində səs vermək hüququna malikdir və bu seçkilərin oktyabr ayında keçirilməsi planlaşdırılır.

Rəsmi tarix açıqlanandan sonra diqqət yeni ittifaqların formalaşmasına və xalqın seçkilərdəki iştirakı səviyyəsinə yönəlib. Bu seçkilər İraqda siyasi prosesin gələcəyi baxımından həlledici mərhələ hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice