Əsas səhifə » Qətər-Rusiya görüşü: Sülhə aparan yol Dohadan keçə bilərmi?

Qətər-Rusiya görüşü: Sülhə aparan yol Dohadan keçə bilərmi?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saninin Rusiyaya səfəri, Dohanın vasitəçilik səylərini genişləndirmək və Qəzza vasitəçiliyinin sona yaxınlaşdığı bir vaxtda Ukrayna müharibəsi, Rusiya-Suriya münasibətləri və Türkiyənin oradakı varlığı kimi məsələləri də əhatə etmək istəyini göstərir. Doha bu yolla geniş vasitəçi rolunu oynamağa çalışır və buna sözün əsl mənasında siyasi iradəsi də sahibdir.

Daim beynəlxalq diqqət mərkəzində olan Qətər , HƏMAS ilə İsrail və ya daha əvvəl Taliban ilə ABŞ arasındakı vasitəçiliyin bitməsi ilə rolunun başa çatmasını istəmir. Ona görə də, Qətər diplomatiyasını daha geniş miqyasda hərəkətə gətirir. Mövcud böhranlar səbirli və nəticə əldə edən vasitəçilərin müdaxiləsini tələb edir və bu rola Qətər ən uyğun namizəddir.

Bu böhranların başında Ukrayna müharibəsi gəlir. Qətər burada vasitəçilik üçün açıq bir yol görür. Prezident Vladimir Putin Qətərin rolunu qəbul edir, ukraynalılar isə istənilən effektiv vasitəçini axtarır. ABŞ Prezidenti Donald Tramp da Qətərin bu rolu üzərinə götürməsinə qarşı deyil.

Qətər əmiri Moskvaya yalnız Ukrayna mövzusu ilə bağlı səfər etmir; Suriya məsələsi də Putinlə görüş gündəmində əsas mövzulardan biri olacaq.

Şərtlər Qətərin Moskva ilə Kiyev arasında vasitəçi kimi rol alması üçün əlverişlidir. Daha əvvəl Səudiyyə Ərəbistanı vasitəçilik cəhdlərinə başlamış, ABŞ və Rusiya arasında danışıqlar aparılmış və Ukrayna Prezidenti Volodimir Zelenski orada qarşılanmışdı. Lakin Səudiyyə cəhdləri yarımçıq qaldı, baxmayaraq ki, danışıqların uğurla nəticələnəcəyinə dair nikbinlik var idi. Hətta TrampPutin arasında sammit keçiriləcəyi, Rusiya-Ukrayna arasında birbaşa təmasların qurulacağı da gündəmdə idi.

Lakin ABŞ-Rusiya və ya Rusiya-Ukrayna arasında məhbus mübadiləsi kimi daha kiçik məsələlərdə edilən səylər belə, müharibənin gedişatına ciddi təsir etmədi.

RusiyaQətər bildiriblər ki, Putin və Şeyx Təmim cümə axşamı Moskvadakı görüşlərində Ukrayna müharibəsinə son qoyacaq sülh razılaşmasına dair səyləri müzakirə edəcəklər.

ABŞ Prezidenti Tramp dəfələrlə üç ildir davam edən Ukrayna müharibəsində “qan axıdılmasına” son qoymaq istədiyini bəyan edib. Lakin Moskva sülh razılaşmasına gəlməyin asan olmadığını bildirib. Bu isə Qətər əmirinin bu məsələdə irəliləyiş əldə edib-etməyəcəyi sualını gündəmə gətirir.

Əmirin səfəri yalnız Ukrayna ilə məhdudlaşmır. Suriya məsələsinin də Putin və Şeyx Təmim arasında əsas müzakirə mövzusu olacağı gözlənilir. Təmimin Moskvaya səfərindən əvvəl Suriya Prezidenti Əhməd Şəraa ilə görüşməsi bu istiqamətdə bir işarədir. Bu səfərin eyni vaxta təsadüf etməsi təsadüfi sayılmır.

Doha, Moskva ilə Dəməşq arasında rabitə kanallarını açmağa ən yaxın tərəfdir. Qətərin Suriyada on ildən artıq müddətdə müxalifətə verdiyi geniş dəstək və yeni hökumətə, xüsusilə elektrik məsələsi kimi həyati sahələrdə köməyi buna əsas verir. Şəraa, Təmimlə Dohadakı görüşdə bildirib ki, : “Qətər dövlətinin səmimi mövqeyini və Suriya xalqına göstərdiyi sabit dəstəyi heç vaxt unutmayacaq

Ruslar hesab edir ki, Qətər, Rusiyanın yeni Suriya hökuməti ilə bağlı baza məsələlərinin həllində daha çox əməkdaşlıq göstərəcək. Bu, Əsədin devrilməsindən sonra vasitəçi rolunu oynamağa çalışan Türkiyədən fərqlidir. Türkiyənin Suriyada öz hərbi bazalarını təmin etmək istəyi Rusiya üçün vəziyyəti daha da çətinləşdirib.

Qətər diplomatiyasını hərtərəfli hərəkətə gətirib. Rusiyaya yola düşməzdən əvvəl Təmim həm də Livan Prezidenti Cozef Aun ilə görüşüb. Doha Livanı birbaşa dəstəkləməyə hazır olduğunu bildirib.

Qətər Livan ordusuna maaş dəstəyi üçün 60 milyon dollarlıq yardım və 162 hərbi texnika göndəriləcəyini açıqlayıb. Bu isə, Qətərin Livanda keçid dövrünün uğurla tamamlanmasına və ordunun ölkədə silah üzərində nəzarətini təmin etməsinə dair amerikalıların və livanlıların gözləntilərinə uyğun hərəkət etdiyini göstərir.

Qətərin vasitəçilik üçün şərtləri əlverişlidir, xüsusilə də, bu prosesə başlayıb onu tamamlamayan Səudiyyə Ərəbistanı kimi ölkələrlə müqayisədə.

Kreml bildirib ki, Putin və Qətər əmiri arasında Moskvadakı görüşdə əsas diqqət “aktual məsələlərə”, xüsusən də ticarətə və beynəlxalq maraq doğuran mövzulara yönələcək.

“Putinlə Qətər əmiri arasında Ukrayna məsələsi və regional məsələlər ətrafında fikir mübadiləsi mütləq olacaq.Regionda qarşıdurma ehtimalı yüksəkdir və Qətər bu böhranların həllində mühüm və böyük rol oynayır.”- deyə, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildiirb.

Putin və Qətər əmiri sonuncu dəfə ötən ilin iyulunda Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşüblər.

Qətər Rusiya və Ukrayna arasında vasitəçilik təşəbbüslərində bulunub və müharibə zamanı valideynlərindən ayrılmış uşaqların geri qaytarılmasında yardım göstərib.

Qətər Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xəlifi Rusiyanın TASS agentliyinə bildirib ki, liderlər Ukrayna, Suriya və Qəzza ilə yanaşı enerji, xüsusən də maye təbii qaz məsələlərini də müzakirə edəcəklər.

Digər Kateqoriyalar

2025 © Azervoice