BAKI,AzerVoice
ABŞ administrasiyası Harvard Universitetini, Prezident Donald Trampın tələbini – tələbə qəbulu, işə qəbul və siyasi yönümlə bağlı dövlət nəzarətinə tabe olmaq – qəbul etmədiyi təqdirdə, xarici tələbə qəbulundan məhrum etməklə hədələyib.
Daxili Təhlükəsizlik Nazirliyi bəyan edib ki, “əgər
Harvard məlumatlandırma tələblərinə tam şəkildə əməl etdiyini sübut
edə bilməzsə, universitetin xarici tələbə qəbul etmək hüququ ləğv
ediləcək”. Nazir Kristi Noem çərşənbə günü Harvard
Universitetinə aid, ümumi dəyəri 2,7 milyon dollardan çox olan iki
dövlət qrantının ləğv edildiyini açıqlayıb.
“Bu addım Prezident Donald Trampın Harvard Universitetinə yönəlik
2,2 milyard dollarlıq federal maliyyəni dondurmaq və universitetin
vergi güzəşti statusunu ləğv etmək qərarından sonra atılıb, səbəb
isə ekstremist ideologiyaya dəstək verməsidir”.-deyə o
bildirib.
Çərşənbə günü Tramp Harvard Universitetinə qarşı tənqidlərini təkrarlayıb və onu geniş dövlət nəzarətini qəbul etmədiyi üçün federal maliyyə və vergi güzəştlərindən məhrum etməklə hədələyib. Harvard isə Trampın geniş dövlət nəzarətinə tabe olma tələblərini rədd edib, bu məsələdə digər bir çox universitetlərin əksinə, Ağ Evin təzyiqləri qarşısında geri çəkilməyib.
“Harvard artıq layiqli təhsil müəssisəsi sayıla bilməz və dünyanın ən yaxşı universitetləri və ya kollec siyahılarına daxil edilməməlidir.”-deyə, Tramp bildirib.
Tramp və onun administrasiyası universitetlərə təzyiq kampaniyasını antisemitizm və Fələstin Həmas hərəkatına dəstəklə əlaqələndirərək əsaslandırır. Bu ittihamlar İsrailin Qəzzaya qarşı müharibəsinə etiraz olaraq keçən il universitetlərdə keçirilən etiraz aksiyaları ilə bağlı yaranmış müzakirələrə əsaslanır. Eyni zamanda, Ağ Ev tələbə və işçi heyəti arasında müxtəlifliyi dəstəkləyən siyasətlərə görə onlarla universitet və kollecə federal maliyyəni dayandırmaqla hədələyib.