BAKI, AzerVoice
ABŞ qüvvələri, Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətindəki Koniqo qaz yatağından qüvvələrinin bir hissəsini Həskə vilayətinə doğru geri çəkməyə başlayıb.
AzerVoice xəbər verir ki, bu haqda Deyr əz-Zorun şərq kəndlərində yaşayan yerli sakinlər məlumat verib.
“ABŞ qüvvələrindən ibarət, əsasən texnika və hərbi avadanlıq daşıyan bir kolonna gecə saatlarında Deyr əz-Zorun şimal-şərqində yerləşən Koniqo qaz yatağından çıxaraq Həskə vilayətinə doğru hərəkət etdi” - deyə, məlumatda qeyd olunub.
Sakinlərin sözlərinə görə, ABŞ qüvvələri iki gün əvvəl Koniqo yatağının üzərində yerləşdirilmiş müşahidə şarını yerə endirib. Hələlik bölgədə ABŞ hərbi texnikalarının hərəkəti adi səviyyədədir və tam miqyaslı bir geriçəkilmə müşahidə olunmayıb.
Mənbələrin məlumatına görə, Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında neft və qaz yataqlarının təhvil verilməsi və bölgəyə Müdafiə və Ümumi Təhlükəsizlik Nazirliyinin qüvvələrinin daxil olması üçün mütəmadi görüşlər keçirilir.
Hazırda Deyr əz-Zorun şərqindəki Fərat çayının şərq sahillərində sakitlik hökm sürür, SDQ qüvvələrinə qarşı heç bir hücum qeydə alınmayıb. Həmçinin SDQ öz qüvvələrinin və nəzarət məntəqələrinin sayını əhəmiyyətli dərəcədə azaldıb.
Qeyd edək ki, ABŞ qüvvələri Deyr əz-Zor vilayətində əsasən Əl-Ömər və Ət-Tənək neft yataqları, eləcə də Koniqo qaz yatağında mövcuddur.