BAKI, AzerVoice
Türkiyə Suriyada sabitliyin təmin olunmasında əsas rol sahibidir.
AzerVoice xəbər verir ki, bu sözləri İsrailin Ankaradakı sabiq səfiri Amira Oron deyib.
Ankara ilə Şam arasında münasibətlərin normallaşması və Suriyada müharibənin sona çatması bölgədə enerji balansında yeni mərhələnin başlanğıcını qoyub. Bu yaxınlaşma, Qətər təbii qazının Suriya və Türkiyə üzərindən Avropaya daşınması layihəsini yenidən gündəmə gətirib. İsrail mediası isə bu proseslərin Tel-Əvivin enerji tranziti sahəsindəki mövqeyinə ciddi təhdid olduğunu bildirir.
İsrailin “Yedioth Ahronoth” qəzetində Nadav Eyal tərəfindən dərc olunan təhlildə qeyd olunur ki, İsrailin Suriyada aydın strategiyasının olmaması ölkəni çətin vəziyyətə salır. Məqalədə bildirilir ki, "Türkiyə Suriyanı heç vaxt İsrailə buraxmayacaq" və Ankara, bölgədəki enerji layihələrində üstünlüyünü qorumaqda israrlıdır.
Qətər qazının Suriyadan Türkiyəyə, oradan isə Avropaya daşınmasını nəzərdə tutan boru kəməri layihəsinin yenidən canlandırılması Ankara üçün strateji əhəmiyyət daşıyır. Analitiklər hesab edirlər ki, Türkiyə bu layihəni təhlükəyə atacaq istənilən İsrail addımına qarşı sərt mövqe nümayiş etdirəcək.
Məqalədə həmçinin İsrailin son aylarda Suriyada artan hava hücumları, quru əməliyyatları və azlıqlarla təmas cəhdlərinə baxmayaraq, bölgə üzrə dəqiq siyasət formalaşdıra bilmədiyi qeyd olunur. Analitiklər xəbərdarlıq edirlər ki, Tel-Əvivin bu müdaxilələri məzhəb qarşıdurmaları və Türkiyə ilə yeni gərginliklərə yol aça bilər.