BAKI, AzerVoice
Türkiyə sərhədinə yaxın ərazidə Shell ilə neft və qaz axtarışına başlanılır
AzerVoice xəbər verir ki, Bolqarıstan
hökuməti “Shell” enerji nəhəngi ilə Qara dənizdə yerləşən “1-26 Han
Tervel” blokunda neft və təbii qazın kəşfiyyatı üçün rəsmi müqavilə
imzalayıb.
Türkiyə sərhəddinə yaxın ərazidə aparılacaq bu əməliyyatların
ölkənin enerji təhlükəsizliyi və müstəqilliyi baxımından
əhəmiyyətli olduğu vurğulanıb.
Sofiyada keçirilən imzalanma mərasimində Bolqarıstanın Baş naziri Rosen Jelyazkov, energetika naziri Jeço Stankov və “Shell Bulgaria”nın kəşfiyyat və hasilat üzrə meneceri Vanya İvançeva iştirak ediblər. Baş nazir Jelyazkov çıxışında qeyd edib ki, ölkəsinin Qara dənizdə böyük enerji ehtiyatları potensialı var və bu layihə strateji əhəmiyyət daşıyır.
İmzalanan müqavilə Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında yerləşən enerji resurslarının tədqiqini nəzərdə tutur. Kəşfiyyat işləri nəticəsində regionda əhəmiyyətli miqdarda ehtiyatların üzə çıxarılması gözlənilir.
Qeyd edək ki, Shell son illərdə Qara dənizdə müxtəlif ölkələrlə birgə enerji axtarışlarını genişləndirib. Bu layihə isə Bolqarıstanın enerji asılılığını azaltmaq və istehsal gücünü artırmaq istiqamətində mühüm addım hesab olunur.