BAKI, AzerVoice
Rusiya–Ukrayna münaqişəsində atəşkəs üçün diplomatik səylərimiz davam edir. Əgər ABŞ və Rusiya tərəfləri istəsə, Türkiyə bu görüşlərə hər zaman açıqdır.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan müvafiq sualı cavablandırarkən deyib.
Antalya Diplomatik Forumu çərçivəsində mətbuat nümayəndələrinin suallarını cavablandıran Fidan, diplomatiyanın rolu, regional və qlobal məsələlərdə Türkiyənin mövqeyi ilə bağlı mühüm açıqlamalar verib.
Jurnalistlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın görüşü ilə bağlı sualını Hakan Fidan belə cavablandırıb:
"Hal-hazırda bu barədə dəqiq qərar yoxdur, müzakirələr davam edir. Görüş ABŞ-da, yoxsa Türkiyədə baş tutacaq – bu da araşdırılan məsələdir.”
Bununla yanaşı Hakan Fidan Ərdoğanın Suriyaya edəcəyi səfərin mümkünlüyünü təsdiqləyib.
"Bəli, prezidentimizin belə bir niyyəti var. Uyğun şərtlər formalaşdıqda Suriya səfəri reallaşa bilər" - deyə Fidan bildirib.
Xatırladaq ki, Rusiya və ABŞ heyətlərinin bundan əvvəlki görüşü Rusiyanın İstanbuldakı baş konsulluğunda keçirilib. Danışıqlarda Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, ABŞ tərəfini isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil etmişdi.