BAKI, AzerVoice
İsrail ordusu Qəzza zolağında yerləşən xəstəxanaya raket zərbələri endirib.
AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə mənbələri məlumat verib.
Məlumata görə, İsrailə məxsus iki raket Əhli Ərəbi Xəstəxanasının binasına düşüb. Zərbə nəticəsində xəstəxananın təcili yardım və qəbul bölməsi tamamilə dağılıb, digər binalara da ciddi ziyan dəyib.
Hadisədən az əvvəl bir şəxsin İsrail təhlükəsizlik orqanından olduğunu deyən biri tərəfindən xəstəxanaya zəng etdiyi bildirilib. Bu xəbərdarlıqdan sonra xəstəxana rəhbərliyi xəstələrin təxliyəsinə başlayıb. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığını bildiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə isə onlarla məcburi köçkün ailəsinin xəstəxananı tərk etdiyi, bəzilərinin isə yataq üzərində xəstələrini çıxarmağa çalışdığı görünür.
HƏMAS bu hücumu kəskin şəkildə qınayıb və bunu dəhşətli bir cinayət adlandırıb.
“İşğalçı qüvvələr daha əvvəl də 34 xəstəxananı bilərəkdən məhv edib və Qəzzada mövcud olan səhiyyə sistemini tamamilə sıradan çıxarmağa yönəlmiş sistemli plan çərçivəsində onlarla tibb mərkəzi və səhiyyə qurumunu hədəfə alıblar. Bu, bütün beynəlxalq konvensiyaların, xüsusilə də Cenevrə Konvensiyalarının açıq şəkildə pozulmasıdır” - deyə, HƏMAS-ın yaydığı bəyanatda deyilir.