BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Qəzzada yaşayan yüzlərlə Misir vətəndaşı cümə axşamı etiraz aksiyası keçirərək, son dövrlərdə İsrailin çıxışına şərait yaratdığı digər xarici vətəndaşlar kimi onların da sektordan çıxarılmasını tələb ediblər.
Etiraz aksiyaları üç yerdə – Qəzza şəhərindəki Əl-Məmədani Xəstəxanasının önündə, Deyr əl-Bəlah şəhərindəki Şəhidlər Əl-Əqsa Xəstəxanasında və cənubdakı Xan Yunisdə yerləşən Nasir Tibb Kompleksi qarşısında baş tutub.
Etirazçılar arasında ya qəzzalılarla evli misirli qadınlar və onların uşaqları, ya da müharibədən bir neçə gün əvvəl Qəzzaya ailələrini, qızlarını ziyarət etmək üçün gələn və orada qalan Misir vətəndaşları olub.
Etirazçılar İsrailin hücumları nəticəsində üzləşdikləri təhlükələrdən xilas edilmələri üçün təcili müdaxilə tələbi ilə şüarlar səsləndiriblər. Onlar Misir bayraqları və prezidenti Əbdülfəttah əs-Sisinin şəkillərini qaldıraraq üzərinə “Sən tək deyilsən, biz səninləyik… Yaşasın Misir” sözləri yazılmış pankartlar daşıyıblar.
Etirazçılar Misir pasportları və şəxsiyyət vəsiqələrini nümayiş etdirərək, sektordan təxliyə edilmələrinin zəruriliyini vurğulayıblar.
Qəzza zolağında yaşayan misirlilərin dəqiq sayı məlum deyil. Lakin müharibədən bir neçə ay əvvəl onların sayının təxminən min nəfər olduğu bildirilirdi. Onların bir hissəsi müharibə başlamazdan əvvəl və ya Rafah sərhəd-keçid məntəqəsi açıq olan dövrdə sektoru tərk edə bilib. Ancaq bu keçidin bağlanması ilə təxliyələr dayanıb.
Keçidin bağlanması digər ölkələrin vətəndaşlarının təxliyəsini də dayandırıb. Lakin ABŞ və Britaniya vətəndaşlığı daşıyan məhdud sayda insanın Kərəm Əbu Salim keçidi vasitəsilə çıxmasına icazə verilib.
Miqrasiya, yoxsa vətənə qayıdış?
Misir vətəndaşlarının aksiyaları İsrailin Rafah keçidini bağlamasından və 18 mart tarixində Qəzzaya hərbi müdaxiləyə yenidən başlamasından sonra Kərəm Əbu Salim vasitəsilə bəzi xarici vətəndaşların çıxışına şərait yaradıldığı bir vaxta təsadüf edir.
İsrail bu çıxışları “könüllü miqrasiya proqramı” çərçivəsində təqdim etməyə çalışsa da, Avropa ölkələri və digər dövlətlər fələstinlilərin köçünü qəbul etdiklərini inkar edirlər. Onlar yalnız öz vətəndaşlarını təxliyə etdiklərini bildirirlər.