BAKI, AzerVoice
İsrail ordusu Hizbullah təşkilatını Livanın paytaxtı Beyrutun cənubunda, yeraltı hərbi obyektin yenidən qurulmasına cəhd göstərməkdə ittiham edib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avixay Adrainin verdiyi bəyanatda deyilir.
Hizbullah Beyrutun cənubunda yerləşən Şüveyfat bölgəsində, əvvəllər hərbi məqsədlər üçün istifadə edilən yeraltı obyektin yenidən qurulması üzərində işləyir. Adrainin sözlərinə görə, Hizbullah keçən ilin noyabrında İsrailin hava zərbəsi ilə dağıdılan, döyüş vasitələrinin istehsalı üçün istifadə edilən yeraltı obyekti bərpa etmək istəyir. O əlavə edib ki, bu obyekt yaşayış bölgəsində, məktəbə yaxın yerləşir və mülki əhali üçün ciddi təhlükə yaradır.
Adrai həmçinin bildirib ki, bu fəaliyyətlərlə bağlı kəşfiyyat məlumatları yanvar ayında beynəlxalq müşahidə mexanizminə ötürülüb və bu da həmin məkanda qəfil yoxlamanın keçirilməsinə səbəb olub.
Bununla belə, Adrai qeyd edib ki, İsrailin çəkdiyi hava görüntüləri Hizbullahın yoxlamadan əvvəl məlumat aldığını və mühəndis texnikasını həmin ərazidən çıxardığını göstərir. Yoxlama bitdikdən sonra isə texnika yenidən əraziyə qaytarılıb və fəaliyyət bərpa olunub.
Qeyd edək ki, İsrailin Livana etdiyi hava hücumları davam etsə də, Hizbullah hələlik bu zərbələrə cavab verməyib. Təşkilat son atəşkəs razılaşması qüvvəyə mindikdən sonra İsrailin hücumlarına qarşı rəsmi hərbi reaksiya göstərməkdən çəkinib.