BAKI, AzerVoice
Türkiyənin yerli pilotsuz uçuş aparatı Bayraktar TB2, yeni sınağını uğurla başa vuraraq dünyada bir ilkə imza atıb.
AzerVoice xəbər verir ki, Bayraktar TB2, yeni texnologiya ilə təchiz olunmuş avtonom manevr sistemləri və qəfil təhlükələrə qarşı avtonom şəkildə “virildən” (ani düşmə/dönmə) qurtulma manevrini həyata keçirərək sınaqdan uğurla keçib.
BAYKAR İdarə Heyətinin sədri Selçuk Bayraktar bu uğuru öz sosial media hesabında paylaşaraq Bayraktar TB2-nin bu testləri avtonom şəkildə və tam müvəffəqiyyətlə keçdiyini qeyd edib.
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün isə Bayraktar TB2-nin sınaq görüntülərini paylaşaraq BAYKAR heyətinə təşəkkürlərini bildirib.
“Dünyada bir ilki gerçəkləşdirən Bayraktar TB2, inkişaf etmiş avtonom manevr və virildən qurtulma qabiliyyəti ilə təkcə pilotsuz sistemlərin deyil, ümumiyyətlə hava platformalarının sərhədlərini yenidən müəyyənləşdirir. Bu uğur – mühəndisliyimizin, uzaqgörən yanaşmamızın və inadkar əzmimizin məhsuludur.
Öz sinfində dünya miqyasında nümunəyə çevrilmiş milli platformalarımız, qazandıqları bu cür bacarıqlarla bu sahədə çevikliyimizi və təhlükəsizliyimizi ən yüksək səviyyəyə daşıyır. Bu qürurverici inkişafda əməyi olan BAYKAR Technology ailəsini ürəkdən təbrik edirəm” - deyə, o bildirib.