Əsas səhifə » ABŞ gömrük tarifləri fonunda Türkiyədən strateji ixrac addımı

ABŞ gömrük tarifləri fonunda Türkiyədən strateji ixrac addımı

BAKI, AzerVoice

"ABŞ bazarında yeni imkanlar yaratmaq üçün hərəkətə keçmişik"

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat İstanbulda keçirilən mətbuat konfransında çıxış edib.

O, ABŞ-ın əlavə gömrük rüsumlarına baxmayaraq, bu ölkədəki ticarət imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atıldığını bildirib.

Nazir Bolat ABŞ tərəfindən tətbiq edilən 10 faizlik əlavə gömrük rüsumlarının Türkiyə üçün arzuolunmaz olduğunu, lakin bəzi rəqib ölkələrə daha yüksək tariflər tətbiq olunduğu üçün Türkiyənin nisbətən əlverişli mövqedə olduğunu vurğulayıb. "Bu şəraitdə ABŞ bazarında yeni imkanlar yaratmaq üçün hərəkətə keçmişik" - deyə, o, bildirib.

Bolat çıxışında Türkiyənin EXPO 2025 Osaka tədbirinə hazırlıqlarını da dəyərləndirib. O bildirib ki, 6 ay davam edəcək bu beynəlxalq tədbirdə 900 kvadratmetrlik Türkiyə pavilyonu ilə iştirak ediləcək və ölkənin mədəni irsi müasir dizaynla birlikdə nümayiş olunacaq.

Nazir, ixracın milli gəlirdəki payının üçdə birə yaxınlaşdığını, 100 milyard dollarlıq ABŞ-Türkiyə ticarət hədəfi üçün çoxşaxəli siyasətlərin həyata keçirildiyini də qeyd edib. O əlavə edib ki, Türkiyədə hazırda 86 min 500 xarici şirkət fəaliyyət göstərir və son 22 ildə birbaşa xarici investisiyalar 22 dəfə artaraq 276 milyard dollara çatıb.

Qeyd edək ki, EXPO 2025 Osaka sərgisi “Gələcəyin Cəmiyyətini Həyatımız üçün Dizayn Etmək” şüarı altında keçiriləcək və burada 25 milyondan çox ziyarətçinin iştirakı gözlənilir. Aprelin 13-də açılacaq sərgidə 23 Aprel – Türkiyənin Milli Günü kimi qeyd olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice