Əsas səhifə » BMT-nin sülhməramlılarını qorumaması utancvericidir - Ərdoğan

BMT-nin sülhməramlılarını qorumaması utancvericidir - Ərdoğan

Bakı,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Livandakı Birləşmiş Millətlər Müvəqqəti Qüvvələrinin (UNIFIL) şəxsi heyətini hücumlardan qoruya bilməməsini tənqid edib.

AzerVoice xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışda, bu vəziyyəti "utanc verici" və "narahatedici" adlandırıb.

Ərdoğan, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) ilə bağlı tənqidlərində İsrailin bu qüvvələrə qarşı hücumlarını vurğulayıb. O, "Təsəvvür edirsinizmi, İsrail tankları (UNIFIL) zonasına girərək sülhməramlılara hücum edir, hətta bəzilərini yaralayır, lakin BMT Təhlükəsizlik Şurası sadəcə bunu izləməklə kifayətlənir" ifadəsini işlədib. Ərdoğan bu hadisənin BMT-nin etibarlılığını və effektivliyini ciddi şəkildə sarsıtdığını bildirib.

Qeyd edək ki, son günlər İsrailin Hizbullaha qarşı quru əməliyyatı zamanı Livanın cənubundakı UNIFIL zonasına açılan atəş nəticəsində beş sülhməramlı yaralanıb. UNIFIL qüvvələri İsrail ordusunu bu hücumları qəsdən həyata keçirməkdə ittiham edib. BMT-nin baş katibi bu hücumları pisləyərək, belə hadisələrin "müharibə cinayəti" kimi qiymətləndirilə biləcəyini qeyd edib.

Onu da qeyd edək ki, Livanın cənubunda yerləşən UNIFIL, Hizbullahın 2023-cü ilin oktyabrında İsrailə qarşı yeni bir cəbhə açmasından sonra hazırda çarpaz atəşin ortasında qalıb. İsrail və Hizbullah arasındakı gərginlik isə, UNIFIL-in mövqeyini daha da təhlükəli hala gətirib .

Digər Kateqoriyalar

2024 © Azervoice