Bakı, AzerVoice
30 yaşında olan Rümeysa Öztürk akademik nailiyyətləri ilə tanınan türk tələbədir. O, Türkiyədə orta məktəbi birinciliklə bitirib, daha sonra İstanbul Şəhər Universitetində ikili ixtisas proqramı ilə bakalavr təhsilini tamamlayıb. Magistr təhsilini isə ABŞ-ın nüfuzlu Columbia Universitetinin Teachers College fakültəsində alıb.
Rümeysa Öztürk Fulbright təqaüdünü qazanaraq ABŞ-a getmiş və Massaçusets ştatında yerləşən Tufts Universitetində “Uşaq Təhsili və İnsan İnkişafı” sahəsində doktorantura təhsilinə başlayıb.
2025-ci il martın 25-i axşamı iftara getmək üçün evindən çıxdığı anda, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə bağlı olan Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) mülki geyimli əməkdaşları tərəfindən saxlanılıb. Saxlanma anı təhlükəsizlik kameralarına düşmüş və bu hadisə geniş ictimaiyyətin diqqətini cəlb edib.
ABŞ Dövlət Katibi Marko Rubio açıqlamasında Öztürkün tələbə vizasının ləğv edildiyini və ölkədən deportasiya ediləcəyini bildirmişdir. Rubio həmçinin “HƏMAS-ı dəstəklədiyi” iddia edilən 300-dən çox əcnəbi tələbənin vizasının ləğv edildiyini açıqladı.
Rümeysa Öztürk saxlanıldıqdan sonra Luiziana ştatındakı bir mühacirət mərkəzinə köçürülmüş, burada dərmanlarına çıxış imkanının olmaması səbəbindən üç dəfə astma tutması keçirib.
Tufts Universiteti rəsmi açıqlama yayaraq Rümeysa Öztürkün dərhal azadlığa buraxılmasını tələb etmiş və tələbələrinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib.
Öztürkün işi hazırda həm Türkiyədə, həm də beynəlxalq arenada yaxından izlənilir. Hadisə ifadə azadlığı və insan haqları ilə bağlı qlobal səviyyədə müzakirələrə səbəb olub.