BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
İraqda İranın
dəstəyi ilə 10 silahlı şiə qruqlaşmasının silahları yerə qoyacağı
xəbərindən sonra, İraq
Hizbullah briqadalarının (Kətaib Hizbullah) silahsızlanma niyyətini
qəti şəkildə təkzib edən sərt açıqlama yayıldı.
Daha öncə yayılan xəbərdə isə, İran tərəfindən dəstəklənən və “güclü” sayılan silahlı qrupların, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə gərginliyin artmasının qarşısını almaq məqsədilə ilk dəfə olaraq "silahsızlanma" addımı atmağa hazırlaşdığı bildirilmişdi.
Silahlı şiə qurpları liderlərinin “Tramp bizimlə müharibəni daha pis səviyyəyə çatdırmağa hazırdır, biz bunu bilirik və belə bir ssenaridən qaçmaq istəyirik.”-dediyi iddia edilirdi.
Rəsmi təkzibə baxmayaraq, belə bir bəyanatın verilməsi, briqadalar daxilində ABŞ-ın təzyiqlərinə necə reaksiya vermək barədə fikir ayrılıqlarının olduğunu göstərir. Bu, bəzi üzvlərin gərginliyin artmasından narahat olduqlarını və genişmiqyaslı qarşıdurmadan qaçmaq istədiklərini də əks etdirə bilər.
Təkzib həm də Hizbullah briqadalarının İrandakı müttəfiqləri və İraqdakı tərəfdarları qarşısında etibarını qorumaq məqsədi daşıyır. Bu çevrələr "silahsızlanma" ideyasını bir növ geri çəkilmə və ya zəiflik əlaməti kimi dəyərləndirə bilərdi. Odur ki, təşkilat özünü hələ də qırılmaz müqavimət qüvvəsi kimi göstərməyə çalışır.
Briqadaların sərt reaksiyası, silahın təşkilatın kimliyində və gücündə nə qədər mərkəzi rol oynadığını təsdiqləyir. Silahdan imtina etmək, onların İraqın siyasi və təhlükəsizlik səhnəsindəki nüfuzlarını zəiflətmək demək olardı və görünür ki, mövcud rəhbərlik bu fikrə açıq şəkildə qarşı çıxır.
Hizbullah briqadalarının bu təkzibi, İraq daxilindəki ictimai rəyə bir mesaj olaraq da şərh edilə bilər – yəni təşkilat hazırkı kursundan sapmayacaq və ABŞ-la yumşalma çağırışlarına uymayacaq. Eyni zamanda bu, beynəlxalq media orqanlarına da xəbərdarlıq mesajıdır: təşkilat haqqında xəbər hazırlayarkən yalnız rəsmi mənbələrə əsaslanmaq lazımdır.
Bütün bunlara baxmayaraq, "Hizbullah briqadaları" daxilində həqiqətdə nə baş verdiyi hələ də sual altındadır. Rəhbərlik silahsızlanma fikrini inkar etsə də, Reuters-ə danışdığı iddia edilən liderin açıqlamaları bu həssas məsələ ətrafında daxili müzakirələr və ya hətta bölünmənin olduğunu göstərə bilər.