Əsas səhifə » İordaniyada orduya qarşı şüarlar rəsmi və siyasi dairələri narahat edir

İordaniyada orduya qarşı şüarlar rəsmi və siyasi dairələri narahat edir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İordaniyada Qəzzaya dəstək məqsədilə İxvanul-Müslimin (Müsəlman Qardaşları) tərəfindən təşkil edilən xalq aksiyalarında iştirak edənlərin səsləndirdiyi şüarlar, ordunun nüfuzuna toxunduğu və əvvəllər rast gəlinməyən cəsarət sərgilədiyi üçün, krallığın rəsmi və siyasi dairələrində şok effekti yaratdı.

Bu dairələr baş verənləri dövlətin suveren institutlarına və orduya qarşı ciddi bir təxribat kimi qiymətləndirir və bunun təsadüfi olmadığını, arxasında daha öncə İordaniya Kralı II Abdullahın xəbərdarlıq etdiyi “fitnəkar” qüvvələrin dayandığını düşünürlər.

Keçən həftə paytaxt Əmmanın mərkəzində keçirilən genişmiqyaslı yürüş zamanı nümayişçilər ordunun İsrailə qarşı müharibəyə qoşulmasını və Qəzzada baş verənləri sadəcə izləməklə kifayətlənməməsini tələb etdilər. Bəziləri isə “Bir, iki… ərəb ordusu haradadır… yatır” kimi i şüarlar səsləndirdi.

2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandan bəri İxvan hərəkatı Fələstin sektoruna və HƏMAS hərəkatına dəstək məqsədilə nümayişlərə rəhbərlik edir. Həmin nümayişlərdə bəzi hallarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar yaşansa da, ümumilikdə etirazlar dinc keçmiş və iştirakçılar dövlət və onun rəmzlərini təhqir edən şüarlardan çəkinmişdilər.

Lakin son dövrlərdə İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarını yenidən gücləndirməsi ilə, nümayişçilərin ritorikası və mövqelərində dəyişiklik müşahidə olunur. Artıq onlar qəzəblərini təkcə İsrailə və onun müttəfiqi olan ABŞ-a yox, həm də rəsmi İordaniya hakimiyyətinə yönəltməyə başlayıblar. Bu isə ordunun və təhlükəsizlik orqanlarının legitimliyini şübhə altına almaq səviyyəsinə qədər gəlib çıxıb.

Rəsmi dairələrdə ciddi narahatlıq doğuran bu cür davranışlar, bəzi müşahidəçilər tərəfindən təhlükəli bir sürüşmə kimi qiymətləndirilir. Bu, dövlətin və onun suveren institutlarının nüfuzunu zəiflədə, xalqla dövlət arasında inamsızlıq yarada və nəticədə, 2011-ci ildəki kimi, Fələstinlə həmrəylik aksiyalarının siyasi etirazlara çevrilməsi ilə nəticələnə bilər. Bu isə mövcud siyasi hakimiyyətlə hesablaşmaq istəyən fürsətçilərin işinə yaraya bilər.

Gələn məlumatlara görə, İordaniya hakimiyyəti nümayişçilərdən ikisini saxlayıb və yaxın günlərdə başqa fəalların da həbs olunacağı istisna edilmir.

Bu arada, İordaniya ordusuna qarşı səsləndirilən təhqiramiz ifadələrə qarşı ölkənin müxtəlif bölgələrində geniş şəkildə reaksiyalar verilib. Xalq arasında geniş narazılıq və qəzəb hissi müşahidə olunub. Yürüşlərdə səsləndirilən bu şüarların qətiyyətlə pislənildiyi və rədd edildiyi bildirilib. İnsanlar qeyd ediblər ki, bu cür milli institutlar ölkənin sabitliyi və təhlükəsizliyinin əsas dayaqlarıdır.

Bəyanatlarda vurğulanıb ki, ordu və təhlükəsizlik qüvvələrinin əməkdaşları vətənin qalxanı və sipəridir. Onların fədakarlığı və səyləri sayəsində iordaniyalılar regiondakı gərgin mühitdə təhlükəsiz və sabit bir həyat sürə bilirlər. Bu institutlara qarşı edilən istənilən təhqir və hücum, əslində bütün iordaniyalıların şərəf və ləyaqətinə yönəlmiş hücumdur.

Açıq şəkildə qeyd edilib ki, bu köklü və qədim milli quruma qarşı səsləndirilən təhqiramiz ifadələr yalnız daxildə və xaricdəki düşmənlərin maraqlarına xidmət edir. Orduya qarşı yönəlmiş bu cür hücumlar təkcə bir quruma qarşı edilən hücum deyil, eyni zamanda vətənin öz bədəninə saplanan bir xəncər və onun daxildən sarsıdılması cəhdidir.

Çoxsaylı İordaniya partiyaları və parlament fraksiyaları da bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək, səsləndirilən qeyri-məsuliyyətli ifadələri kəskin şəkildə pisləyiblər və silahlı qüvvələrə və təhlükəsizlik orqanlarına dəstəklərini ifadə ediblər.

İradə və İslam Milli Cəbhəsi” fraksiyasının rəhbəri, millət vəkili Xəmis Atiyyə, İordaniya ordusu və təhlükəsizlik orqanlarının fəaliyyətini gözdən salmaq və onların rolunu şübhə altına almaq cəhdlərini pisləyib. O, ölkə daxilindəki gərginliyin artırılmasına yönəlmiş bu cəhdlərin arxasında İordaniyaya düşmən münasibət bəsləyən xarici qüvvələrin dayandığını bildirib. “Bu qüvvələr ölkəni xaos və boşluğa sürükləməyə çalışır”-deyə, o bildirib.

Dövlətin İxvan hərəkatı ilə münasibətləri yenidən nəzərdən keçirmək üçün əlinin güclü olduğu vurğulanıb. Bu gücün əsas elementlərindən biri də İxvanın ölkədəki hüquqi mövcudluğudur. Qeyd olunub ki, İordaniyada İxvanın fəaliyyətini qanunsuz elan edən məhkəmə qərarı mövcuddur, lakin bu qərar hələ ki, siyasi iradə ilə icraya yönləndirilməyib.

Əmək Partiyası da yayımladığı bəyanatda ordunu təhqir edən bəzi şüar və ifadələrin qəti şəkildə rədd olunduğunu və bu ifadələrin İordaniya Silahlı Qüvvələrinin – Ərəb Ordusunun dərin milli simvolizminə qarşı bir hücum olduğunu vurğulayıb. Partiya bu davranışların milli prinsiplərdən təhlükəli şəkildə yayınma olduğunu bildirib.

Əmək Partiyası bəyan edib ki, vətənin təhlükəsizliyini və onun institutlarının, xüsusilə də ordu və təhlükəsizlik orqanlarının qorunmasını təmin etmək ümummilli bir məsuliyyətdir. Bu qurumların siyasi məqsədlərə xidmət edən, zərərli və məqsədyönlü gündəmlərin tərkibinə daxil edilməsi qəbuledilməzdir.

İordaniya Həmkarlar İttifaqları Konfederasiyası da bu hadisəyə reaksiya verərək, baş verənləri dövlətin dəyərlərinə qarşı bir çıxış və vətəndaşlar arasında fitnə toxumu səpmək cəhdi kimi qiymətləndirib. Onlar həmçinin İordaniyanın Fələstin məsələsinə və Qəzzadakı qardaşlarına yönəlik sabit mövqeyini şübhə altına almağa cəhd edən bu çağırışları təhlükəli saydıqlarını qeyd ediblər.

Bütün bu geniş reaksiya fonunda, İxvan hərəkatı və onun siyasi qanadı sayılan İslam Cəbhəsi Partiyası baş verənlərlə bağlı heç bir rəsmi açıqlama verməyib və sükutunu qoruyub.

Müşahidəçilərin fikrincə, İxvan, xalqın rəğbətini qazanmaq məqsədilə, siyasi hakimiyyətlə bütün körpüləri yandırmaq bahasına olsa belə, münaqişəni öz xeyrinə istifadə etmək riskini gözə alır. Qəzza müharibəsini öz maraqları üçün istifadə etməsi isə rəsmi dairələrdə ciddi narahatlıq yaradıb.

İxvan ilə dövlət arasındakı münasibətlər, xüsusilə də “Ərəb baharı” zamanı gərginləşmişdi. Həmin dövrdə İxvan hərəkatı ölkədə dəyişiklik tələb edən nümayişlərə rəhbərlik etmişdi.

Müşahidəçilər qeyd edirlər ki, dövlət bu günə qədər İxvanla münasibətlərdə milli birliyi qorumaq məqsədilə çox təmkinli davranıb. Lakin İxvan bunu zəiflik kimi qiymətləndirir ki, bu da ciddi bir yanlış hesabdır və onun ağır bədəlini ödəyə bilər.

Həmin müşahidəçilər vurğulayırlar ki, dövlətin İxvanla hesablaşmaq üçün əlində kifayət qədər güclü vasitələr var. Bunlardan biri də təşkilatın ölkədəki hüquqi mövcudluğunun sual altına alınmasıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice