BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi
29 mart tarixində elan edilən yeni Suriya hökuməti əsasən “Heyət Tahrir əş-Şam” (HTŞ) təşkilatının kadrlarından ibarətdir. Eyni zamanda hökumətə müxtəlif dini və etnik təbəqələrdən bir nəfər də daxil edilib: bir xristian (sosial məsələlər üzrə), bir ələvi (nəqliyyat üzrə), bir druz (kənd təsərrüfatı üzrə) və bir kürd (təhsil üzrə) nazirlər təyin olunub.
Sosial məsələlər üzrə təyin olunan xristian nazir Hind Qəbvat, hökumət tərkibindəki yeganə qadındır. Hökumət heyətində eyni zamanda əvvəlki prezident Bəşşar Əsəd dövründə nəqliyyat və iqtisadiyyat naziri olmuş iki şəxs də yer alır.
Hər halda, görünən odur ki, Suriyanın
qarşıdakı mərhələsi faktiki olaraq prezident Əhməd Şəraanın
hakimiyyəti altında olacaq. Şəraanın ümumilikdə sələfi keçmişi olan
bir siyasi islamçı kimi xarakterizə etmək olar.
O, ölkəni müdafiə, ədliyyə, daxili işlər və xarici işlər
nazirlərindən ibarət olan “təhlükəsizlik dördlüyü” və onlara tabe
olan müşavir komitələri ilə birlikdə idarə edəcək. Bu komitələr
HTŞ-nin əsas nüvəsini təşkil edən şəxslərdən ibarətdir.
Suriyada demokratik, soxsa diktator rejimin yaranacağını zaman gösrətəcərək.
Suriyada kürd məsələsi ilə bağlı baş verənlər, bu qrupun mövcud sistemin tərkib hissəsi kimi "fərqli və tanınan" bir element kimi daxil edilməsinə yönəlmiş addımdır.
Digər bir tərəfdən ölkədəki son hadisələr və “Terrorçusuz Türkiyə” adlı əməliyyatla paralel şəkildə, Suriyada bir-birilə rəqabət aparan kürd qrupları – Xalq Müdafiə Dəstələri / Demokratik Birlik Partiyası (YPG/PYD) və Kürd Müxalifət Koalisiyası – arasında fəal danışıqlar prosesi başlayıb. Bu proses həmçinin Türkiyə və İraqdakı kürd strukturları ilə də təmasları əhatə edir.
ABŞ və Fransa, daha az dərəcədə isə Böyük Britaniya bu danışıqlarda vasitəçi rolunu oynayır. Məqsəd Suriyalı kürdlər arasında mövqeləri yaxınlaşdırmaqdır.
YPG/PYD-nin yeni Suriya hökumətinə qarşı mənfi bəyanatlar verməsinə baxmayaraq, tərəflər arasında danışıqlar kanalları açıq qalır. Bu, Əhməd Şəraa və Mazlum Əbdinin 10 mart tarixində imzaladığı razılaşma çərçivəsində baş verir.
Danışıqların təsiri artıq sahədə də görünməkdədir: YPG qüvvələri Hələb şəhərindəki kürd əhalinin çoxluq təşkil etdiyi bölgələrdən və Tişrin bəndi ətrafından geri çəkilib, bu mövqeləri Suriya təhlükəsizlik qüvvələrinə təhvil veriblər. Eyni zamanda tərəflər arasında əsir mübadilələrinin baş verdiyinə dair xəbərlər yayılıb.
Suriyalı kürdlərin əsas tələbləri bir neçə bənddə toplanır: qeyri-mərkəzləşdirilmiş bir sistemin qurulması, YPG-nin saxlanılması, neft gəlirlərinin müəyyən hissəsinin kürd bölgələrinə ayrılması, vətəndaşlıqda bərabərliyin təmin olunması, kürd dilindən istifadə azadlığı, mədəni hüquqların tanınması və bu prinsiplərin gələcək Suriya konstitusiyasında təsbit olunması. Ən azəndan hələ ki, bu tələblər irəli sürülüb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, 13 mart tarixində Dəməşqə səfərindən və prezident Əhməd Şəraa ilə görüşündən bir neçə gün sonra verdiyi açıqlamalarda YPG ilə bağlı Ankaranın qəti mövqeyini əks etdirdi. O, bu “qüvvələrin” Türkiyə üçün şübhə doğurmayan reallıq – PKK-nın birbaşa davamı – kimi qəbul edildiyini vurğuladı. Hakan Fidan onların hərbi gücünün tamamilə məhv edilməsinin və təşkilatın buraxılmasının vacibliyini qeyd etdi. Qalan döyüşçülərin isə Suriya ordusunun nəzarətinə keçməli olduğunu bildirdi.
Bu məsələ ilə bağlı diplomatik fəaliyyətlər çərçivəsində Hakan Fidan 25–26 mart tarixlərində Vaşinqtonda səfərdə olub və ABŞ dövlət katibi ilə görüşüb. Suriya və YPG məsələsi danışıqların əsas gündəm mövzularından biri olub. Lakin mediada yayılan məlumatlara görə, Türkiyə tərəfi bu görüşlərdən razı qalmayıb, xüsusilə də YPG-yə münasibətdə mövqelərin fərqli olması səbəbilə.
ABŞ dövlət katibi Marko Rubio isə sosial mediada paylaşdığı açıqlamada, İranın sabitliyi pozan fəaliyyətlərinə qarşı Türkiyəyə dəstəyin davam etdiyini bildirsə də, YPG məsələsinə toxunmayıb.
Bu fon çərçivəsində ABŞ yaxın günlərdə Türkiyənin xeyrinə yozula biləcək bəzi simvolik addımlar ata bilər. Amma Vaşinqtonun mövqeyində əsaslı bir dəyişiklik edəcəyi və ya YPG-dən imtina edəcəyi ehtimalı zəif görünür, xüsusilə də cari geosiyasi balanslar nəzərə alındıqda.
Türkiyə və İsrail Suriyada üz-üzə
İsrail uzun müddətdir ki, Suriyanın gələcəkdə hər hansı potensial təhlükəyə çevrilməsinin qarşısını almaq məqsədilə bu ölkəni zəiflətmək və parçalamağa əsaslanan bir strategiya yürüdür. Bu strategiya çərçivəsində Tel-Əviv, Cənubi Suriyanın – xüsusilə Quneytra, Dəraa və Suveyda vilayətlərinin – silahsızlaşdırılmasını tələb edir. Eyni zamanda İsrailin hərbi hava qüvvələri Suriya ərazisindəki bütün hərbi və strateji obyektləri məhv etmək məqsədilə ardıcıl hava zərbələri endirir.
Mövcud məlumatlara görə, İsrail son dörd ayda Suriyaya qarşı 740-dan çox hava hücumu həyata keçirib. Bu zərbələr heç bir təhdid və ya Suriya hücumu ilə əlaqəli olmayıb, tamamilə birtərəfli olub və dağıdıcı hücumlar şəklində həyata keçirilib.
İsrail eyni zamanda Suriyada kürdlər və druzlar vasitəsilə də təsir göstərməyə çalışır. O, bu etnik-məzhəbi qrupların "həmisi" kimi çıxış edir. Colan yüksəkliklərinin bir hissəsində nəzarəti saxlayan İsrail qüvvələri Suriya ərazisində – həmin bölgənin xaricində – sabit hərbi mövqelər qurub. İsrail ordusunun patrulları Cənubi Suriyadakı kənd və şəhərlərdə axtarışlar aparır. Hətta bir hadisədə İsrail hərbi helikopterlərinin ölkənin cənub-qərbindəki bölgəyə hava hücumu həyata keçirdiyi və nəticədə Suriyalı mülki vətəndaşların öldüyü bildirilir.
Əks tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanla Əhməd Şəraa arasında fevral ayında Ankarada baş tutan görüşdə razılaşdırılmış hərbi əməkdaşlıq çərçivəsində, Türkiyənin yeni Suriya ordusunun formalaşdırılmasında əsas rol oynayacağı və bu ordunun təlimini həyata keçirəcəyi gözlənilir. Eyni zamanda mediada Ankaranın Suriyada hərbi bazalar qurmağa hazırlaşdığına dair məlumatlar yayılıb. Bu bazalarda döyüş və müşahidə pilotsuz uçuş aparatları, hərbi təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdiriləcəyi bildirilir. Bu məlumatlar hələlik rəsmi olaraq təsdiqlənməyib.
Hazırda Suriyada fəaliyyət göstərən türk hərbi qüvvələri əsasən YPG/PKK ilə mübarizə məqsədilə mövcuddur. Yeni qurulacaq bazalar aşağıdakı məqsədlərə xidmət edə bilər:
-
Yeni Suriya ordusunun təlimi
-
İŞİD-lə mübarizə — bu, Türkiyənin bu vəzifəni təkbaşına, Suriya ilə birlikdə, yoxsa beynəlxalq koalisiyanın bir hissəsi kimi yerinə yetirəcəyi sualını doğurur
-
Suriyanı xarici müdaxilələrdən qorumaq – bu isə Türkiyənin bölgədəki rolunda əsaslı bir dönüş və həm daxildə, həm də xaricdə ciddi müzakirələrə səbəb olacaq yeni bir missiya olacaq.
İsrailin müdafiə naziri İsrael Kats, Suriyaya birbaşa təhdid ünvanlayaraq prezident Əhməd Şəraaya müraciətlə belə demişdir: “Əgər düşmən qüvvələrin – açıq şəkildə Türkiyəni nəzərdə tutaraq – Suriyaya daxil olub İsrailin təhlükəsizliyini təhdid etməsinə icazə versəniz, bunun ağır bədəlini ödəyəcəksiniz.”
Bu kontekstdə İsrail hava qüvvələri son günlərdə Suriya ərazisindəki bir sıra hərbi bazalara – Hums, Həma və tanınmış T4 bazası da daxil olmaqla – hava hücumları həyata keçirib. Bəzi mənbələrə görə bu bazalardan bəziləri türk qüvvələri tərəfindən istifadə olunurdu.
İsrail və beynəlxalq media, İsrail rəsmilərinə istinadən, bu hücumların Ankaraya yönəldilmiş açıq bir xəbərdarlıq mesajı olduğunu yazıb.
Bəzi iddialara görə, İsrailin Suriyadakı hava hücumlarından birində üç türk mühəndisi həlak olub. Lakin bu məlumat nə təsdiqlənib, nə də rədd edilib. Əgər bu iddialar doğru çıxarsa, onların çoxcəhətli təsirləri ola bilər və Türkiyə-İsrail münasibətlərində gərginliyin artmasına səbəb ola bilər.
İsrailin Suriya ərazisinə davamlı hücumları beynəlxalq hüququn və dövlətlərarası normaların açıq şəkildə pozulmasıdır. Lakin beynəlxalq ictimaiyyət, Fələstin məsələsində olduğu kimi, sadəcə formal bəyanatlarla kifayətlənir və İsrail, ABŞ-ın tam dəstəyi ilə bu əsaslandırılmamış hücumlarını davam etdirir.
Buna qarşılıq olaraq, Türkiyə özünü Şərqi Aralıq dənizindən Suriya və İran sərhədlərinə qədər uzanan, İsrail, YPG/PKK, ABŞ, Yunanıstan, Cənubi Kipr, Fransa və bəzi ərəb dövlətlərini əhatə edən regional təhlükələrlə əhatələnmiş hiss edir. Bu vəziyyət Ankara üçün əks-tədbirlər və diqqətlə hesablanmış addımlar atma zərurətini yaradır.
Reuters-ə verdiyi açıqlamada Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdir ki, Türkiyə Suriyada İsrail ilə birbaşa toqquşma istəmir. Lakin Türkiyə İsraili “sionist, ekspansionist rejim” kimi görür və prezident Rəcəb Tayyib Ərdoğan bu mövqeyini ötən cümə namazından sonra açıq şəkildə ifadə edərək belə demişdi: “Allah İsrail sionizmini lənətləsin və cəhənnəmə göndərsin.”
Digər tərəfdən, İsrail Türkiyəni “yeni osmanlıçı meylləri olan ekspansionist güc” kimi qəbul edir və onu İranla birlikdə əsas təhdidlərdən biri hesab edir. Əgər iki tərəf arasında, qısa və məhdud olsa da, birbaşa qarşıdurma baş verərsə, bu, hər iki tərəf üçün – xüsusilə iqtisadi baxımdan – ağır nəticələr doğura bilər. Belə bir qarşıdurma həmçinin hər iki ölkədə fövqəladə hal tədbirlərini əsaslandırmaq üçün bəhanə kimi istifadə edilə bilər, xüsusilə də hər iki ölkənin ciddi daxili siyasi böhranlar yaşadığı bir zamanda.
ABŞ-ın bu gərginliyi cilovlamaq üçün müəyyən mərhələdə müdaxilə edəcəyi istisna edilmir. Çünki burada söhbət regionda iki əsas strateji müttəfiqi – NATO üzvü olan Türkiyə və İsraildən gedir.