BAKI, AzerVoice
Türkiyənin Suriya ilə yeni hərbi əməkdaşlığı sazişi üzərində işləməsi İsraildə ciddi narahatlıq yaradıb.
AzerVoice xəbər verir ki, İsrail rəhbərliyi bu əməkdaşlığın bölgədəki strateji planlarını poza biləcəyindən narahatdır və Dəməşqdəki yeni rəhbərliyi, o cümlədən Suriya prezidenti Əhməd əl-Şaraanı vasitəçi ölkələr vasitəsilə açıq şəkildə təhdid edib.
İsrail, Türkiyənin Suriya daxilində hərbi güc kimi möhkəmlənməsindən narahat olaraq Şaraa rəhbərliyinə "Türkiyəyə hərbi baza verilməsi qərarından imtina edin, Suriya hava məkanının Türkiyəyə açılmasına razı olmayın" kimi çağırışlar edib.
İsrailin vasitəçilər vasitəsilə verdiyi ismarıclar arasında Prezident Sarayının bombalanması, Əhməd Şaraaya sui-qəsd və Suriya daxilində etnik parçalanmanın təşviq edilməsi (Nusayrilər, Dürzilər, PKK üzərindən) kimi ağır təhdidlər yer alıb.
Keçmişdə Şaraa-İdlib rəhbərliyində nazir olmuş Yasir Nəccar bildirib ki, Dəməşq İsrailə qarşı mübarizədə ərəb dünyası ilə ortaq mövqedədir və Qəzzada baş verənlər fonunda Təl-Əvivlə hər hansı bir razılaşma qeyri-mümkündür.
“İsrail dövlət kimi yox, quldur kimi davranır. Suriya bu təhdidlərə boyun əymədən öz suverenliyini qorumaq iradəsinə sahibdir,” – deyə Nəccar vurğulayıb.
Suriyalı türkmən tədqiqatçı Samir Hafız isə məsələyə belə münasibət bildirib:
“İsrail, 8 dekabr inqilabından sonra Suriyada baş verənləri öz mövqeləri üçün ən böyük təhlükə hesab edir. Türkiyə ilə Suriya arasında mümkün hərbi ittifaq onu ciddi narahat edir.”
İsrail, digər ərəb ölkələri – İordaniya, Misir, BƏƏ və Səudiyyə Ərəbistanı ilə bağladığı razılaşmalar kimi, Suriyaya da eyni cür müqavilə diktə etməyə çalışır. Əks təqdirdə, “Sizi də Qəzzaya çevirərik” kimi açıq təhdidlər səsləndirir.
Qeyd edək ki, hazırda İsrail Suriya daxilindəki hərbi qalıqları hədəf alaraq mövcud strukturu dağıtmaq istəyir. İsrail tərəfindən Hama, Dəməşq kimi ərazilərdə xüsusi əməliyyatlar həyata keçirilib. İsrail strateji üstünlüyü itirdiyi təqdirdə, bu, Colan təpələri, Livan və hətta Fələstin mövqelərinə təsir edəcək.