BAKI,
AzerVoice
Trabzonun hava nəqliyyatı infrastrukturunu gücləndirmək məqsədilə
yeni hava limanı layihəsi üzərində iş aparılır.
AzerVoice xəbər verir ki, Türkiyənin
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ramazan
bayramı münasibətilə Trabzona səfəri zamanı yeni hava limanı
layihəsi ilə bağlı mühüm açıqlamalar verib.
Nazir bildirib ki, mövcud Trabzon Hava Limanının 2600 metrlik
uçuş-enmə zolağı şəhərin artan tələbatını qarşılamaq üçün kifayət
etmir və taksi yolu yoxdur. Bu səbəbdən, daha müasir və geniş
imkanlara sahib yeni hava limanının inşası üçün hazırlıqlar
görülür.
Nazir Uraloğlu Trabzonun digər infrastruktur layihələri barədə də məlumat verib. O, şəhərdə dəmir yolu sisteminin qurulması üçün Böyükşəhər Bələdiyyəsi ilə birgə layihə hazırladıqlarını və bu sistemin Akçaabatdan Yomraya qədər 32 kilometrlik bir xətti əhatə edəcəyini bildirib. Layihənin bu il yekunlaşdırılması və gələn il investisiya proqramına daxil edilməsi hədəflənir.
Bundan əlavə, Cənub Dairə Yolu layihəsinə start verildiyini və Akçakale girişində işlərin aparıldığını qeyd edən Uraloğlu, hazırda dörd tunelin inşasının davam etdiyini vurğulayıb. O, həmçinin Kanuni bulvarında görülən işlərin son mərhələyə çatdığını açıqlayıb.
Qeyd edək ki, Trabzonun strateji mövqeyi və artan turizm potensialı nəzərə alınaraq həyata keçirilən bu layihələr şəhərin nəqliyyat və infrastruktur imkanlarını daha da gücləndirməyi hədəfləyir.